Məsələni bir daha aydınlaşdırmağa çalışdıq. "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev "Sputnik"ə açıqlamasında bildirdi ki, problem qurumda deyil, mənzillərin vəziyyətindədir: "O bina bizdə istilik alan binadır. Sakinlərin özü ilə də mən danışdım, bizim orada problemimiz yoxdur. Mənzildaxili problemlər var. Mütəxəssislər də göndərdik, getdilər baxdılar. Onlara da izah edirlər ki, xətti çəkəndə yerini dəyişirsiz".
Onun sözlərinə görə, bəzi sakinlər ümumiyyətlə mənzildaxili dik dayaqları dəyişməyiblər: "Borular köhnədir, ərp bağlayıb. Onların keçicilik qabiliyyəti yoxdur. Mənzildə balkonun birləşdirilməsi və digər dəyişikliklərə görə də xətlərdə əyriliklər yaranır. Hər əymədə təyziq aşağı düşür, bu da ki, istiliyin keyfiyyətinə təsir edir".
Lakin sakinlər bu fikirlə razılaşmırlar. Onlar bildirdilər ki, noyabr ayında parlament seçkiləri keçirilərkən 3 gün yaxşı istiliklə təmin olunmuşdular. O zaman nə xətlərdə, nə də ki mənzillərdə problem vardı.
Bu məsələ ilə bağlı isə qurum rəsmisi bildirdi ki, bunun səbəbi seçkilər deyil, hava şəraiti idi: "Seçkilərə görə deyil. Noyabr ayının əvvəlində biz, bütün qazanxanaları test rejimində işə salıb yoxlayırıq. Ona görə, noyabrın əvvəli biz test rejimində yoxladıq. O vaxt da çöldə ətraf mühitin temperaturu yüksək idi. Hardasa 15-18 dərəcə istilik vardı".
"Həmən vaxt verdiyimiz temperatur, şübhəsiz ki, qış ayında verilən temperaturdan fərqli olur. Çünki çöldə 15 dərəcə olanda, otağa da 40 dərəcə istilik gələndə o mənzil qızır. Amma çöldə 5 dərəcə isti olanda, külək və şaxta olanda, verilən temperatur ona uyğun gəlməyəcək", —deyə R.Əliyev bildirdi.
Göründüyü kimi, bina sakinləri hələ də istilik gözləyir, rəsmi qurum isə təhcizatda heç bir problemin olmadığını təkrarlayır. Fakt odur ki, sakinlərin problemi hələ də həll olunmayıb.