BAKI, 23 okt – Sputnik. “Son dövrlərin ən sərt və ən dəhşətli qışı gözlənilir kimi yayılan xəbərlər həqiqəti əks etdirmir və cəfəngiyyatdır”. Bunu jurnalistlərə açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. Onun sözlərinə görə bu il qış fəsli normal olaraq soyuq keçəcək. Yayılan dezinformasiyalara etibar edilməməsini məsləhət görən Zeynalov, əhalini təşvişə düşməməyə çağırıb.
“İndiyə qədər heç bir elm, hər hansı dəhşətli təbiət hadisəsi ilə bağlı öncədən xəbər verə bilməyib və verə də bilməz. Son günlər, əsasən də xarici KİV-lərdə Qış fəsli ilə bağlı yayılan xəbərlərin heç bir elmi əsası yoxdur. Bütün bunlar cəfəngiyyatdır”, deyə Telman Zeynalov bildirib.