BAKI, 8 yan-Sputnik. "Qərbin Azərbaycandan istəklərinin önündə məhbuslar məsələsi dayanır və bu tələblər müəyyən demokratik dəyişikliklərin həyata keçirilməsi ilə davam edir. Əslində, çox da böyük tələblər deyil".
Bu sözləri politoloq Qabil Hüseynli, Sputnik-in "Azərbaycanın Qərblə zədələnmiş münasibətlərinin bərpası üçün hansı addımlar atmalıdır?" sualına cavab verərkən deyib.
"Azərbaycan artıq bu prosesə başlayıb. Məsələn, Leyla Yunus və onun həyat yoldaşı azadlığa çıxıb. Fikrimcə, başqalarını da, görünür məhkəmə yolu ilə azad etmək mümkün olacaq. Qərblə münasibətlərin yaxşılaşdırılmasına ehtiyac var", —deyə politoloq bildirib.
"ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi iki ölkə arasında siyasi gərginliyi aradan qaldıra bilərmi?" sualına politoloq belə cavab verib: "Qaldıra bilər. Ona qədər bayaq dediyim məsələlərin bir qismi, heç olmasa həyata keçirilməlidir. Azərbaycan Prezidenti ABŞ-a bütün sualların həll edilmiş cavabı ilə getməlidir".
Smitin Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqini nəzərdə tutan layihəsinə və deputat Rövşən Rzayevin "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə də toxunan politoloq bu qanun layihələrinin qəbul edilməsini ehtimal etmir: "Arzu edək ki, bu mümkün olmasın. Bu həm də Azərbaycan xalqına ziyan vuracaq. Bu istiqamətdə işlər başlayıb. Güman edirəm ki, bu işləri o sammit başlayana qədər həyata keçirmək mümkün olacaq".