BAKI, 6 yan-Sputnik. ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib. Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.
"Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək", — deyə ABŞ prezidenti bildirib.
B.Obama: “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”.
— Novruz Məmmədov (@NovruzMammadov) 6 января 2016
«Atlas» Araşdırmalar Mərkəzinini rəhbəri, politoloq Elxan Şahinoğlu öz "Facebook" səhifəsində bu dəvəti belə şərh edib: "ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir. Barak Obama ötən dəfəki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Vaşinqtona getmişdi. Bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verib".
E.Şahinoğlu tədbirin 31 martda keçiriləcəyini qeyd edərək yazıb: "Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə, bu, həm İlham Əliyevin Vaşintona səfərinin əhəmiyyətini artıracaq, həm iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq, həm də Konqresdə Kristofer Smitin qanun layihəsinin, o cümlədən "Maqnitski qanunu"nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq".
Qeyd edək ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart — 1 apreldə Vaşinqtonda keçiriləcək.