BAKI, 8 yan — Sputnik. Bir neçə gün öncə Səhiyyə Nazirliyi tərəfindən 844 adda dərmanının satışının dayandırılması xəbərini vermişdik. Bununla əlaqədar Sputnik əməkdaşı bir neçə aptekə baş çəkərək, mövcud vəziyyətlə maraqlanıb. Beləliklə:
Bakıxanov qəsəbəsində yerləşən apteklərdən birinə daxil oldum. Ədzaçıya yaxınlaşıb "Qadağan olunan dərmanları satırsınız?" deyə sual versəydim, əliboş oranı tərk etmək məcburiyyətində qalacaqdım. Axı heç kim məsuliyyət daşımaq istəmir.
Alıcı kimi aptekə daxil olub bir dərman aldım. Və fürsətdən istifadə edib suallarımı verməyə başladım:
— Xanım, ləğv olunan dərmanlardan sizdə satışda var?
— Niyə soruşursunuz?
— İstifadə etdiyim dərman da bu dərmanlar siyahısındadır. Ona görə soruşdum.
— Bəli, bizdə hələ ki satış davam etdirilir. Hələlik heç bir qadağa yoxdur. Həm də alıcılar gəlib o dərmanları alırlar. Hansı dərmandır deyin, bazada varsa, verim.
— Yox hələ lazım deyil. Sadəcə soruşdum.
Təşəkkürümü bildirib çıxdım. Növbəti aptek "Avromed" firmasına məxsus idi. Daxil olub yenə də bir dərman və hesabı ödəyən zaman sualımı ünvanladım. Xanım çox səlist və rahat şəkildə sualımı cavablandırdı.
Dedi ki, xəbər təzə yayılanda hamı qorxmuşdu ki, dərmanlar satışda olmayacaq: "Bu, belə deyil. Əslində lisenziyası olmayan dərmanların satışı dayandırılıb. Bizə də qanun qəbul olan gündən qadağan edildi satışlar. Biz seriyaları Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyən dərmanlar satmırıq. Xəstələrə də dərman alarkən diqqətli olmağı tövsiyyə edirik".