BAKI, 7 yan-Sputnik. ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Bu dəvət son zamanlar soyuqlaşmış ABŞ-Azərbaycan münasibətlərinin yenidən normallaşmasına təsir edəcəkmi?
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Sputnik-ə açıqlamasında bildirib k, bu dəvət uzun müddətdən bəri davam edən və kifayət qədər mübahisəli olan mövzuya son qoyur: "ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi "ABŞ ilə Azərbaycan arasındakı münasibətlərdə gərginlik var" yanaşmasını alt-üst etdi. ABŞ bir daha Azərbaycanı özünün bölgədə ən dayanıqlı, strateji partnyoru kimi qiymətləndirir. Bu, bizim üçün çox önəmlidir".
Fəzail Ağamalının fikrincə, sözügedən sammit zamanı Obama ilə Əliyevin görüşü baş tuta bilər: "Görüşdə ABŞ-Azərbaycan münasibətləri və digər beynəlxalq məsələlər ilə bağlı müzakirələr aparıla bilər. Bu iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına əsas ola bilər".
"Azərbaycan Prezidentinin ABŞ-a səfərinə Rusiya və İranın reaksiyası necə olacaq?" sualına millət vəkili belə cavab verib: "Ölkə prezidenti tam sərbəst, Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun şəkildə siyasətini qurub və bu siyasəti sistemli şəkildə, prinsipiallıqla yerinə yetirir. Fikrimcə, Rusiya və İranın bu məsələyə hər hansı münasibət bəsləməsindən asılı olmayaraq, ölkə prezidentinin bu sammitdə iştirakı gözlənilir. Hər bir dövlətin özünün müstəqil xarici siyasəti var. Biz nə Rusiyadan, nə də İrandan asılıyıq. Ermənistan Rusiyanın forpostudur. Ermənistan hər hansı bir addım atanda Rusiya ilə məsləhətləşir. Biz tamamilə belə davranışlardan uzağıq. Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmin çox önəmli ölkələrindən biridir".
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib. Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib. "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək", — deyə ABŞ prezidenti bildirib.