BAKI, 7 yan — Sputnik. "Avropa Birliyi ölkələri tərəfindən Türkiyənin bu quruma üzvlüyü üçün ciddi cəhdlər edildiyinə inanmıram". Bunu Türkiyənin Strateji Baxış İnstititunun (SBİ) rəhbəri, politoloq Yusuf Çınar Sputnik-ə açıqlamasında deyib.
Politoloq öz fikrini, köhnə qitədə artan millətçi meyllərlə əlaqələndirib: "Almaniya başda olmaqla, bir çox Avropa ölkələrində radikal sağçılar ön plana çıxmağa başlayıblar. Türkiyədə isə son 5 ildə AB ilə münasibətləri təkmilləşdirəcək addımlar atılmayıb. Qısacası, həm AB, həm də Türkiyədə heç kim tezliklə ittifaqa üzvlüyün olacağını gözləmir".
Yusuf Çınar Rusiya ilə böhran fonunda Türkiyə-Avropa əlaqələrini belə dəyərləndirib: "Rusiya ilə təyyarə böhranından sonra Türkiyə, soyuq müharibə dövründə olduğu kimi, Qərb alyansının "sərhəd qalası" rolunu oynayır. Vəziyyət onu göstərir ki, Türkiyə AB-dən qopmayacaq. Xatırlayaq ki, Rusiya ilə münasibətlər korlanmazdan əvvəl rəsmi Ankara Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü gündəmə gətirmişdi. Belə bir şeyin yenidən dilə gətirilməməsi üçün Avropa Birliyi də Türkiyənin ittifaqa üzvlük prosesindən qopmasına səbəb olacaq addımlardan yayınacaq".
Politoloq sonda əlavə edib ki, Avropa Birliyi Türkiyəyə müəyyən çərçivəsi olan üzvlük təklif edə bilər ki, buna rəsmi Ankaranın müsbət baxması mümkün deyil. Qısacası, bundan sonrakı prosesdə nə Türkiyə AB-dən, nə də AB Türkiyədən tam imtina etməyəcək.