BAKI, 25 dek-Sputnik. ABŞ Konqresinə təqdim olunan layihəni bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk. Kristofer Smitin anti-Azərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur.
Sputnik-in məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə deyib.
Ə. Həsənov deyib ki, ABŞ-ın Azərbaycanla bağlı maraqlarını, münasibətlərinin əhəmiyyətini nəzərə alan Konqresin bu layihəyə dəstək verməyəcəyi qənaətindədir. Bu təşəbbüs də yalnız Kris Smitin təşəbbüsü olaraq qalacaq.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin müəllifi olduğu "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə gəlincə, Həsənov deyib ki, hökumətin Rövşən Rzayevin layihəsinə münasibəti də ABŞ-dakı bir konqresmenin təşəbbüsünə münasibətlə eynidir: "Hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır. Deputatlar bu təşəbbüslərin iki dövlətin münasibətlərinə verə biləcəyi xeyri, həmçinin vuracağı ziyanı dəyərləndirəndən sonra münasibət bildirməlidirlər".
ABŞ və Azərbaycan arasındakı münasibətlərin mövcud durumuna toxunan Ə. Həsənov qeyd edib ki, ikitərəfli əlaqələr əvvəlki qədər intensiv xarakter daşımasa da, müxtəlif məsələlərə dair qarşılıqlı təmaslar mövcuddur.