BAKI, 4 yan-Sputnik. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış 2 neftçinin meyitlərini gətirmək üçün bu ölkəyə yola düşüb.
Sputnik FHN-in saytına istinadla xəbər verir ki, Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətdən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində "Azneft" sözləri yazıldığı müəyyən edilib.
Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.