BAKI, 3 yan-Sputnik. "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb.
Sputnik Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, meyit yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar olunub.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı "Kursor" gəmisi Xəzər dənizinin Türkmənistan sahillərindən 65 kilometr uzaqda kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Topaz Leqenda" gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədin üzərində olan xilasedici geyimində "Azneft" yazısı müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyi bu barədə əlavə məlumatın veriləcəyini bildirib.