BAKI, 29 dek — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsi ilə axtarış işlərində iştirakını təmin edib. Nazirliyin mətbuat xidmətindən bu barədə yazılı açıqlama verilib.
İtkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunublar.
Dekabrın 4-də baş verən faciədən sağ qurtulmağı bacaran Goranboy rayon sakini Paşayev Əzimzadə İsa oğlu hadisə günü və sonra olanlarla bağlı Sputnik-ə özəl müsahibə verib. Həmin müsahibəni olduğu kimi təqdim edirik:
-Hazırda psixoloji durumunuz necədir? Özünüzü necə hiss edirsiz?
— Hadisədən sonra başımdakı ağrılarla əlaqədar 14 gün xəstəxanada yatdım, güclü stress keçirmişdim. Gələn ayın 3-ü bir də qayıdacam xəstəxanaya. Çünki hələ də başımdakı ağrılar getməyib.
- Qəzadan sonra ailənizi ilk gördüyünüz zaman nə hiss etdiniz?
— Xəstəxanaya ailəmdən bacım, qardaşım gəlmişdi. Amma yoldaşımı və uşaqlarımı gəldim rayonda gördüm. Çox pis stress keçirmişdilər. Amma indi şükür Allaha yaxşıdılar.
- Yenidən o işə qayıtmağı düşünürsüz?
— Sağalsam niyə qayıtmıram ki.
- Bəs ailənizin buna razılığı varmı?
— Ailəm yenidən o işə qayıtmağıma heç cürə razı deyil. Getmə deyirlər. Qorxurlar. Mən isə deyirəm ele şey yoxdu, yoldaşlarım gedir, mən onlarsız qala bilmərəm. Allahın köməyilə gedib işləməliyəm.
-Sizlə birgə xilas olan iş yoldaşlarınızla əlaqə saxlayırsız?
— Bəli. Zəngləşirik. Özü də tez-tez. Biz axı bir yerdə yatır, bərabər yemək yeyirdik. Dost münasibətlərimiz əbədi davam edəcək.
- Hadisə vaxtı qayıqda olarkən nə hiss edirdiniz?
— Həmin vaxt gəmiyə minəndə özümü möhkəm bağladım. Xilasedici jiletimi geyindim ki, heç olmasa meyidim asan tapılsın, suyun üstündə olsun. Həmin vaxt başqa heç nəyi fikirləşmədim. Elə bir fırtına, elə bir dəhşətli hadisə idi ki. Düşünürdük ki, ölümlə aramızda 3-5 dəqiqə vaxt var.
- Hadisə olmadan öncə, adi iş günlərində işçilər jilet geyinirdilər? Buna nəzarət necə idi?
— Platformaların müəyyən yerləri var ki, məsələn açıq yerlərdə daima jilet, remen geyinirdik və nəzarət çox güclü idi. Yəni o sarıdan problem yox idi. Təhlükəsizliyə riayət çox güclü idi.
- Həmin gün hər kəsin xilas olma şansı var idimi? Yaxud xilasedicilər bütün işçiləri çıxara bilərdimi?
— Vallah mən 10 ildi dənizdə işləyirəm, amma hələ elə dəhşətli fırtına və dalğa görməmişdim. Kənardan bəzilərinə çox asan görsənir. Ancaq o an hərşey dəhşətli idi. Xilasedicilər əllərindən gələni edirdilər. Təsəvvür edin, 35 tona yaxın metanol çənləri var idi, separator xətləri, oksigen, propanlar partlasa, nə olardı, bilirsiz? O zaman daha böyük faciə ola bilərdi. Allah qorusun. Mindiyimiz qayığın üzərinə platformadan od tökülürdü. Sağolsun xilasedici gəmilər, var gücləri ilə suladılar bizim lotkanı və sonda təhlükəli zonadan uzaqlaşa bildik. İnanın ki, gəmilərin platformaya yaxınlaşması qeyri-mümkün idi. Ancaq kənardan söndürməyə çalışırdılar. Çünki dalğa və külək dəhşətli idi.
-Bəs fırtına olacağı ilə bağlı sizə xəbərdarlıq edilməmişdi? O qədər işçinin platformada olması çoxmu vacib idi?
— Həmin gün işləmirdik. Otaqlarda xilasedici jiletlər yanımızda dayanmışdıq. Platforma rəisi əmr vermişdi ki, bu gün işləməyin, dalğa var.
- Bəs işləmirdizsə, sizi orda niyə saxlayırdılar? Fırtına olacağını bilirdilərsə, niyə platformanı boşaltmadılar? İşçilər oradan evakuasiya edilə bilməzdi?
— Orda tək bizim platforma deyildi ki! Günəşli, Azəri, Çıraq platformaları da var. Hava pis olsa belə, heç vaxt evakuasiya etmirdilər ki. Dənizdə fırtına, dalğa olması neftçilər üçün adidir. Küləkli, dalğalı havalarda heç bir neftçinin işləməsinə icazə verilmir, hamı otaqlarda hava şəratinin düzəlməsini gözləyir. O günki hadisə isə başqa idi, yanğın baş verirdi.
- Sizə dövlət tərəfindən kompensasiya verildi?
— Hələlik idarəyə getməmişəm. Rayondayam. Kompensasiya üçün özüm orda olmalıyam. Belə də ki, Allah can sağlığı versin. Əsas olan odur. Mənim az yaşım yoxdu, 60 yaşım var.