BAKI, 28 dek-Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR dekabr 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.
Sputnik-in məlumatına görə, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə axtarış işlərinə cəlb olunacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 nəfərdən 33-ü xilas edilib, 1 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 7 nəfərin cəsədi tapılıb, 22 nəfərin isə axtarışları davam etdirilir.