BAKI, 28 dek — Sputnik. Manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın son addımı ötən həftə sonu Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən “qara bazar” formalaşdırdı.
Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, üzən valyuta siyasətinə keçdiyini bəyan edərək devalvasiyaya gedən Mərkəzi Bankın manatı kəskin dəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub. Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq əllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışırlar. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi: “ Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən adıçəkilən bank bazardan cəkiləcəyi halda manatın kəksin dəyər itirəcəyini proqnozlaşdırmaq çətin deyil. Bakıda heç də bütün valyutadəyişmə məntəqələri işlərini bərpa etməyib. Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə yumşaq desək, bank sektorunun çökməsinə gətirib çıxara bilər.”
İqtisadçı-ekspert qarşıdan gələn bayram günlərində heç 2 manata belə 1 dollar tapa bilməyəcəyimizi deyib: “Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq Mərkəzi Bank hökmən qeyri-iş günlərində də intervensiyasını davam etdirməlidir. Çünki əgər bayram günlərdə Mərkəzi Bank bazara çıxmazsa, o zaman 2 manata belə 1 dollara tapmaq mümkün olmayacaq və bu milli valyutanın qara bazarda kəskin ucuzlaşmasına səbəb olacaq.
Buna görə də, indiki halda ən məqbul yol xarici borclanmağa getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın siterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır.”
Bayramovun fikrincə, 17 milyard dollardan 5 milyard dollaradək valyuta ehtiyatları azalan Mərkəzi Bankın bazara müdaxilə imkanları getdikcə məhdudlaşır. Buna görə də, Mərkəzi Bank əlavə rezervlər cəlb etməlidir:
“Mərkəzi Bank öncədən bayram günləri fəaliyyət göstərəcəyini bəyan edib ilin sonu və yeni ilin əvvəlləri bazarı dollar ilə təmin etməkdə davam etməlidir. Əks halda bayram günləri istənilən inzibati metodlarla “qara bazarın” və o cümlədən, dolların bahalaşmasının qarşısını almaq mümkün olmayacaq.” – deyə ekspert əlavə edib.