BAKI, 25 dek-Sputnik. ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə "ilişməsi" isə vəsiqələrimizi də sual altına alıb.
Azərbaycan millisinin daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib.
Sputnik Apasport-a istinadla xəbər verir ki, Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz pozitiv göstərib.
Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbəti göstərdiyinədn, B testini gözləmək məcburiyyətindəyik. Əgər bu yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.
"Dopinq qəhrəmanları"ndan Firudin Quliyev mundialda 6-cı, İntiqam Zairovla Dadaş Dadaşbəyli isə 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.