BAKI, 24 dek-Sputnik. "Səidə Qocamanlı İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupunun iclasında "Zerkalo" qəzetinin sabiq əməkdaşı, jurnalist Rauf Mirqədirovun əfvi ilə bağlı məsələni qaldırdı. O dedi ki, Leyla və Arif Yunuslar həbsdən azad edildiyi halda onların işi ilə əlaqədar həbs olunmuş Rauf Mirqədirovun həbsdə saxlanılması doğru deyil."
Bu sözləri Sputnik-ə açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, hazırlanmış siyahı Prezident yanında Əfv Komissiyasına təqdim edilib. Həmin siyahıda bir çox tanınmış şəxslərin adları var.
"Siyahıda 22 nəfərin adı var. Onların hamısı ictimaiyyət tərəfindən tanınan şəxslərdir. Biz onların azad ediləcəyinə böyük ümid bəsləyirik. Siyahını Əfv Komissiyasına təqdim etmişik. Həmin siyahı prezidentə təqdim ediləcək" — deyə N.Cəfəroğlu bildirib.
Sözügedən siyahıya həbsdə olan jurnalistlərin hamısının adını daxil etdiklərini deyən hüquq müdafiəçisi, döyülərək qətlə yetirilmiş jurnalist Rasim Əliyevin işi ilə bağlı obyektiv araşdırmanın aparılması və məhkəmənin ədalətli qərar çıxarması məsələsinin də iclasın gündəliyinə gətirildiyini bildirib.