BAKI, 16 dek-Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı "Zerkalo" qəzetinin sabiq əməkdaşı, siyasi şərhçi Rauf Mirqədirova 7 il həbs cəzası istəyib.
Sputnik-in məlumatına görə, bu barədə R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev jurnalistlərə bildirib.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Növbəti proses dekabrın 23-də keçiriləcək.
Rauf Mirqədirov 19 aprel 2014-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Mirqədirov saxlanılarkən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra bu həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb.