BAKI, 23 dek-Sputnik. ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib.
Sanksiyalar Rusiyanın "VTB" və "Sberbank" banklarının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib. Bundan başqa, yeni siyahıya "VTB" və "Sberbank" banklarının qeyri-hökumət pensiya fondları və "VTB 24" bankı daxil edilib.
Sanksiya siyahısına həmçinin "Qals Development" şirkəti, "Novikombank" bankı, "Aviapriborostroyenie" konserni, "Sovremennıye texnologii", "Oboronprom", "Rosoboroneksport" və digər iri korporasiyalar daxil edilib. Sanksiyalar həmçinin "Massandra" şərab zavodu və Yalta kinostudiyasına tətbiq edilib.
Bəs görəsən bu sanksiyalar Azərbaycan banklarının Rusiyadakı filiallarının fəaliyyətinə təsiri olacaqmı?
Bununla əlaqədar olaraq Sputnik-in əməkdaşı Azərbaycanın tanınmış fikir adamlarından açıqlamalar alıb.
İqtisadçı ekspert Vüqar Bayramlı deyib ki, sanksiyalar bankların statusundan asılı olaraq onlara təsir göstərəcək. Çünki, onların bir qismi sözsüz Rusiyada filial kimi qeydiyyatdan keçiblər. Amma digər ölkələrin təcrübəsi göstərir ki, hər hansı bir ölkəyə sanksiyalar tətbiq edilən zaman birmənalı şəkildə həmin ölkədəki digər bankların filiallarına da mənfi təsir göstərir. Onların hesablaşmalarında müəyyən problemlər olur. Təbii ki, filiallar harada yerləşmələrindən asılı olmayaraq, baş ofisləri vasitəsilə hesablaşmaları həyata keçirə bilirlər. Nəzərə alsaq ki, Azərbaycan sanksiyalara qoşulmur, onda filialla baş ofis arasında hesablaşma həyata keçiriləndə adətən ciddi çətinlik yaranmır.
Ekspertin sözlərinə görə, bütövlükdə bank sektoruna sanksiyalar tətbiq edilən zaman birmənalı şəkildə bu sanksiyalar həmin ölkədə fəaliyyət göstərən filialların da fəaliyyətinə mənfi təsir göstərir, onların funksiyalarını xeyli məhdudlaşdırır. Onların birbaşa, xüsusən qlobal maliyyə bazarına çıxışında maneələr yaradır. Bu baxımdan təəssüf ki, sanksiyalar Azərbaycan banklarının filiallarına da mənfi təsir göstərəcək. Baxmayaraq ki, bizim bankların filialları Rusiya bankları ilə müqayisədə mənfi təsirləri o qədər də hiss etməyəcək. Çünki, Azərbaycanda yerləşən baş ofis vasitəsilə hesablaşmalar aparmaq imkanına malik olacaq. Bütün hallarda sanksiyadan Azərbaycan bankları ilə yanaşı, Rusiyada fəaliyyət göstərən digər ölkələrin banklarının filialları da təsirlənəcək.
"Rusiya Azərbaycan bankları üçün bir bazardır. Hər halda filiallar çalışacaqlar ki, əməliyyatları baş ofis vasitəsilə aparsınlar. Çünki, filialla baş ofis arasında əməliyyatlarda problem olacağı gözlənilmir. Ona görə də, daha məqsədəuyğundur ki, Rusiyada filialları olan banklar baş ofis vasitəsilə digər beynəlxalq əməliyyatları həyata keçirsinlər" — deyə Vüqar Bayramlı əlavə edib.
İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, ABŞ hakimiyyətinin Rusiyaya qarşı yeni sanksiyaları Azərbaycana təsir edən sanksiyalar deyil. Daha çox Rusiya dövlətinə məxsus şirkətlər, banklar, sığorta şirkətləri, bunların həm də törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib. "VTB" bankın Azərbaycanda törəmə şirkəti var. "VTB" bankın həm də Gürcüstanda, Ukraynada oxşar törəmə bankları var. Bu sanksiyalar məhz Azərbaycan banklarına deyil, Gürcüstan, Ukrayna və digər ölkələrin törəmə banklarına da tətbiq edilib.
"Bu sanksiyaların əsas mahiyyəti ondan ibarətdir ki, onlar ABŞ-a məxsus hüquqi və fiziki şəxslərdən borc əldə edə bilməyəcəklər. Təbii ki, bu ABŞ şirkətləri ilə sıx işləyən və yaxud da ki, ABŞ banklarında müxbir hesabı olan Azərbaycan banklarının həmin o "VTB" bank ilə əlaqələrinin zəifləməsinə gətirib çıxardacaq. Çünki, ABŞ-da müxbir hesabı olan heç bir bank "VTB" bankla işləməyə maraq göstərməyəcək. Çünki burada artıq sanksiyaya düşmək ehtimalı da var. Bu problemlər "VTB" bankın mövqeyinə təsir göstərəcək. Bu, o demək deyil ki, həmin bank bağlanmalı və ya köçməlidir. Amma bankın fəaliyyətinə öz mənfi təsirlərini göstərəcək" — deyə Samir Əliyev bildirib.
Azərbaycana təsirinə gəlincə ekspert vurğulayıb ki, ölkəmiz Rusiya ilə qonşu olduğuna görə, orda baş verən proseslər istər mənfi, istərsə də müsbət tərəfdən öz təsirini göstərir. "Sanksiya barədə qərar keçən ildən verilib. Sadəcə olaraq getdikcə sanksiyaların əhatə dairəsi genişlənir. Hələ ki, bizim üçün elə bir təhlükə görülmür. Bizim üçün təhlükə hazırda başqa bir istiqamətdədir. Bu da neftin qiymətidir." — deyə ekspert əlavə edib.
"ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqini nəzərdə tutan "Azərbaycan Demokratiya aktı" adlı layihə təqdim edib və həmin sənəddə bu sanksiyalar onsuz da nəzərdə tutulub." — "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Sputnik-ə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyaların Azərbaycana və yerli bankların Rusiyadakı filiallarına təsirini şərh edərkən deyib.
O bildirib ki, Rusiyaya yeni sanksiyaların tətbiqi hələlik Azərbaycana ciddi təsir etmir və onunla bir əlaqəsi yoxdur. "Əgər Rusiyada ABŞ-ın da bankı olsaydı, sanksiya avtomatik olaraq ona da təsir edəcəkdi. Bu qaçılmazdı"-deyə Oruclu əlavə edib.
Sputnik-in məlumatına görə, "Bank VTB (Azərbaycan)" öz rəsmi saytında ABŞ-ın "Bank VTB"-yə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.
"Bank VTB (Azərbaycan)"ın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına daxil edilməsi 2014-cü ilin sentyabrından tətbiq olunan sanksiyaların hüquqi qüvvəsini dəyişmir.
"Bank VTB (Azərbaycan)" yüksək likvidlik və kapital səviyyəsini qoruyaraq ştat rejimində fəaliyyət göstərməyə davam edir. Sanksiya siyahısında konkret təşkilatların adının açıqlanması.
"Bank VTB (Azərbaycan)"dan hər hansı alternativ qərarların verilməsini tələb etmir. Çünki, tətbiq olunan sanksiyalar bankın kapitalına ABŞ-dan 30 gündən çox müddətə vəsaitin cəlb olunmasını məhdudlaşdırır.
Bank əsas vəsaitləri ölkə daxilindən cəlb edir və baş ofis "Bank VTB"-nin dəstəyindən istifadə edir. Bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirir və bildirir ki, ABŞ tərəfindən məhdudlaşdırma tədbirlərinin uzadılması bankın nə fiziki, nə hüquqi müştərilərinə təsir etməyəcək" — deyə məlumatda vurğulanıb.