BAKI, 22 dek-Sputnik. Manatın dəyərdən düşməsi səbəbindən 2016-cı ilin dövlət büdcəsinə yenidən baxıla bilər.
Sputnik-in məlumatına görə, bu barədə Trend-ə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.
Manatın məzənnəsinin enməsi ilə bağlı olaraq, 2015-ci ilin dövlət büdcəsinin icrasında hər hansı problemin gözlənilmədiyini deyən Piriyev, gələn ilin büdcəsinə müvafiq düzəlişlərin ediləcəyini bildirib: "2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə büdcə xərclərinin (xarici valyutada ifadə edilmiş) hesablanması zamanı isə manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır."
Mətbuat katibinin sözlərinə görə, bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.
2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması ehtimal olunur.
Manatın məzənnəsinin enməsinin ölkənin istehlak bazarlarındakı qiymətlərə mənfi fəsadları olacağı təqdirdə, gündəlik tələbat mallarının infilyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas qruplarına (o cümlədən, aztəminatlı ailələrə, təqaüdçülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qruplarına) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcək.