BAKI, 22 dek-Sputnik. İngiltərədə yerləşən "İHS Jane`s 360" beyin mərkəzi İŞİD terror qruplaşmasının 2015-ci ildə itirdiyi ərazilər barədə məlumat yayıb.
Sputnik-in xəbərinə görə, həmin məlumatda İŞİD-in 2015-ci il ərzində nəzarət etdiyi ərazilərin 14%-ni itirdiyi qeyd olunub. Sən demə, terror təşkilatı itkilərin ən çoxunu ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində verib.
"İHS Jane`s 360" İŞİd-in bu il itirdiyi ərazilərin xəritəsini də yayınlayıb.
Beyin mərkəzinin hesabatına görə, Suriya-Türkiyə sərhədində yerləşən Tel Abyad, İraqın Tikrit şəhəri, Beyci neftayırma zavodu, eləcə də Rakka və Mosul arasındakı əsas yol İŞİD-in 2015-ci ildə itirdiyi ərazilər arasındadır. Terrorçuların nəzarət etdiyi ərazilər 12 min 800 kv km azalaraq 78 min kv km-ə qədər enib.
İŞİD bu il ərzində Suriyanın qədim Palmira və İraqın Ramadi şəhərlərini ələ keçirib. 2015-i ildə İraq öz ərazilərinin 6%-ni geri alıb. Ərazisinin 16%-ni itirən Suriya isə il ərzində ən böyük torpaq itkisi ilə üzləşən dövlət olub.
Suriyadakı kürdlər 2015-ci ildə terror təşkilatı üzərində qələbə qazanan əsas qüvvələrdən biri sayılır. Kürdlər Suriyanın kürdlər yaşayan ərazilərinin demək olar ki, hamısı üzərində nəzarəti bərpa ediblər. Suriya Demokratik Qüvvələri (SDF) 2016-ci ildə İslam Dövlətinə qarşı aparılacaq kampaniyanın ən böyük komponenti hesab olunur.