BAKI, 8 dek — Sputnik. Bugün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son turun oyunları start götürəcək.
İlk oyun günündə səkkiz qarşılaşma baş tutacaq.
A qrupunun lideri İspaniyanın "Real Madrid" klubu öz meydanında "Malmö"nü (İsveç) qəbul edəcək. Bu qrupda növbəti mərhələyə vəsiqəni təmin edən digər komanda, PSJ (Fransa) isə "Şaxtyor" (Ukrayna) ilə qarşılaşacaq.
B qrupunda hər iki oyun maraq kəsb edir. Belə ki, "Volfsburq" (Almaniya), "Mançester Yunayted" (İngiltərə) və PSV (Hollandiya) növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını saxlayırlar. MOİK (Moskva) isə Avropa Liqasında növbəti mərhələyə qatılmaq üçün səy göstərəcək.
C qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar artıq məlumdur. "Benfika" (Portuqaliya) — "Atletiko" (İspaniya) görüşü yalnız qrup birincisinin kim olacağına aydınlıq gətirəcək. Qrupun digər matçında isə "Qalatasaray"(Türkiyə) "Astana"nı (Qazaxıstan) qəbul edəcək. Mübarizəni UEFA Avropa Liqasında davam etdirmək üçün İstanbul təmsilçisinə bu oyunda bir xal qazanmaq da kifayət edir.
D qrupunda da səkkizdəbir finalçılar bəllidir. "Sevilya"nın (İspaniya) qonağı olacaq lider "Yuventus"(İtaliya) qrup yarışlarını birinci pillədə başa vurmağa daha yaxındır. "Mançester Siti" (İngiltərə) isə öz meydanında Münhenqladbax "Borussiya"sı (Almaniya) ilə qarşılaşacaq. İngilislərin növbəti mərhələyə qrup birincisi kimi yüksəlməsi üçün "Sevilya" "Yuventus"a qalib gəlməlidir.