BAKI, 23 noy-Sputnik. Türkiyənin "Qalatasaray" (Galatasaray) futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Sputnik APA-ya istinadən xəbər verir ki, klub ölkənin ən tanınmış futbol mütəxəssislərindən olan Mustafa Dənizli ilə anlaşıb.
Bu gün "Qalatasaray" prezidenti Dursun Özbək Mustafa Dənizli ilə görüşüb və razılıq əldə edib. Hələlik tərəflər arasında rəsmi müqavilə imzalanmayıb. Anlaşmanın 1,5 illik olacağı xəbər verilir. "Klub rəhbərliyi olaraq boşalan texniki direktor vəzifəsinə Mustafa Dənizlinin gətirilməsinə qərar verdik. Bu qərarımızı ona bildirdik. Xocamız təklifi prinsipcə qəbul etdi. Onun "Qalatasaray"a xidmətlərini anlatmağa ehtiyac yoxdur. Bir-iki gün ərzində rəsmi müqavilə imzalanacaq", — deyə D. Özbək söyləyib.
M. Dənizli isə çox həyəcanlı olduğunu deyib: "Karyerama "Qalatasaray"da başladım və inşallah, burada yekunlaşdıracağam. Mən burada yetişdim və bir gün karyeramı, uğurlarımı riskə atmalı olsam, bu klub məhz "Qalatasaray" olacaqdı. Təklifi qürurla qəbul edirəm".
Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi ötən həftə baş məşqçi Hamza Hamzaoğlunu vəzifədən uzaqlaşdırıb. Hazırda komanda Super Liqada lider "Beşiktaş"dan 7 xal geri qalır və 3-cü sıradadır.