BAKI, 22 may — Sputnik. Ermənistanın "Çiçəklənən Ermənistan" fraksiyasının keçmiş deputatı Naira Zohrabyan İranda erməni əsgərlərinin saxlanılması məsələsini gündəmə gətirib. O, itkin düşmüş əsgərlərin valideynlərindən bu məsələ ilə bağlı saysız-hesabsız müraciətlərin daxil olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadla məlumat yayıb.
"Artıq xeyli müddətdir ki, itkin düşmüş əsgərlərin valideynləri mənə oğlanlarının müharibə vaxtı Qarabağın cənub hissəsindən - Cəbrayıldan İranla dövlət sərhədini keçdikləri barədə səhih məlumatın, hətta telefon danışıqlarının olması barədə yazırlar. Bundan başqa, hətta valideynlərdən biri onların İranda dəqiq harada saxlanıldığını da qeyd edib. Onun verdiyi məlumata görə, sərhəd qoşunlarında xidmət etmiş erməni əsgərləri Əməndi kəndindəki hərbi hissədə saxlanılır", - deyə erməni deputat yazıb.
Zohrabyan uzun müddətdən bəri bu problemlə məşğul olduğunu, hətta məsələni dəfələrlə Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanla müzakirə etdiyini də bildirib. Amma səfir məlumatı təkzib edib.
Bundan başqa, Zohrabyan qeyd edib ki, hətta itkin düşmüş erməni əsəgərlərin valideynlərindən bir neçəsi Təbrizə gedərək orada erməni yepiskopu ilə görüşüblər. Ancaq yepiskop da belə bir məlumatın olmadığını bildirib.
Zohrabyan məsələ ilə əlaqədar rəsmi şəkildə İranın Xarici İşlər Nazirliyinə də müraciət edib. Nazirlikdən müıyyən müddətdən sonra məktuba cavab veriləcəyini bildirsələr də, hələlik deputata cavab məktubu göndərilməyib.
Zohrabyan qeyd edib ki, Rusiyadan olan həmkarları ilə birlikdə bir neçə iranlı generalla da əlaqə saxlayıb. Generallar informasiyanı təsdiqləməsələr də, araşdırma aparmaq üçün vaxt istəyiblər.
"Təbii ki, Ermənistanın Müdafiə Nazirliyinin onlarda bu barədə məlumatın olmaması ilə bağlı cavabı şokedici idi. Ümumiyyətlə, sizin hər hansı bir mövzuda şərhiniz varmı?" – deyə Zohrabyan nazirliyə də öz iradını bildirib.
Eləcə də oxuyun:
* Ermənistan KİV: Azərbaycan hərbçiləri Zərkənd istiqamətində yeni mövqeyə yerləşiblər
* Azərbaycan və Ermənistan hərbçiləri arasında dava, 11 erməni hərbçisi xəstəxanada
*"Ermənilər keçmişdən danışır, biz isə gələcək haqqında düşünürük" - İlham Əliyev
* Zəngəzura gedən Paşinyanın arvadı biabır oldu