BAKI, 22 oktyabr — Sputnik. Sankt-Peterburqun cinayət-axtarış və istintaq orqanları Andrey Mamini (ad dəyişdirilib) 17 il axtarıblar. O, Sankt-Peterburqun Nevski rayonunda üç nəfəri öldürməkdə şübhəli bilinib.
Sputnik Azərbaycan “Moskovskiy komsomolets”ə istinadla xəbər verir ki, əvvəllər məhkumluğu olmuş Mamin 2002-ci ildə “mübahisəli məsələləri güc yolu ilə həll etməklə” məşğul olurmuş. Bunun üçün o, hərdən özü ilə tapança da götürürmüş. İyunun 2-si gecəsi isə o, heç nəyi həll etmək niyyətində olmayıb. Lakin bir qədər ərzaq və digər xırda-para şeylər almağa ehtiyac hiss edib. Bunun üçün Mamin Solidarnost prospekti ilə Podvoysk küçəsinin kəsişməsindəki dükana gedib. Nədənsə burada söz ixtilafı, ardından da dava düşüb.
Hazırda həmin olayların dəqiq detallarını kimsə xatırlamır. Deyilənə görə, Maminin sözü üç azərbaycanlı ilə çəpləşib. Guya azərbaycanlılar ona buranın onların şəhəri olduğunu deyiblər. 33 yaşlı leninqradlı isə bu sözü özü üçün təhqir hesab edib. O, bura daha sonra dostları və silahla qayıdıb. Söhbətləri yenə alınmayıb və bu dəfə silah danışmalı olub. Mamin rəqiblərinə yeddi güllə atıb. Kişilərdən biri yerindəcə ölüb, ikisi isə sonra xəstəxanada vəfat edib. Andrey əməliyyatçıların onu tutmasını gözləmədən qaçaraq aradan çıxıb.
Xırdalanda dəhşətli qətl: Gənc oğlan əmisini öldürüb, yandırdı>>
O, yaxşı gizlənib: özünə yeni sənədlər düzəltdirib, Rusiyanın müxtəlif regionlarını və dünyanın ayrı-ayrı ölkələrini gəzib, heç bir yerdə "kök salmamağa" çalışıb. Penza Maminin bir qədər yubanmağı planlaşdırdığı növbəti şəhər olub. Burada 50 yaşlı Andrey Mamin nəqliyyatda işləyib. Penzanın Puşkin küçəsində Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburqdakı qətl şöbəsinin əməkdaşları ona yaxınlaşanda çox təəccüblənib.
Rusiya Federasiyası İstintaq Komitəsinin şəhər istintaq idarəsinin verdiyi məlumata görə, üçqat qətl törətməkdə şübhəli bilinən peterbuqlu artıq Neva sahilindəki şəhərə göndərilib. İstintaq Komitəsi cinayətlə bağlı istintaqı davam etdirməyi planlaşdırır. İndi müstəntiqlər dəlil bazasını möhkəmləndirirlər və 2002-ci ilin iyun gecəsi baş verən hadisələrin əslini araşdırırlar.