Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 3 oktyabr — Sputnik. Digər ölkələrə baxanda Azərbaycanda ədəbi həyat hələ də qalmaqdadır və bu, sevindiricidir.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Qazaxıstanın xalq yazıçısı Oljas Süleymenov Bakı Kitab Mərkəzində "Yazıçı ilə dialoq" çərçivəsində keçirilən yaradıcı ziyalıların nümayəndələrindən ibarət bakılı oxucularla görüşü zamanı deyib. Yazıçı Özbəkistan, Qırğızıstan, Türkmənistandan daha çox və tez-tez ziyarət etdiyi Azərbaycana yenidən gəldiyi üçün son dərəcə məmnun olduğunu bildirib.
"Məni Azərbaycanda mədəni mühitin hələ də qorunub saxlanması çox sevindirir. Sovet dövründə hər il bir neçə dəfə Yazıçılar Birliyinin nümayəndə heyətləri arasında fikir mübadiləsi aparır, qarşılıqlı səfərlər edirdik. Amma indi nadir hallarda bir yerə toplaşırıq. 30 ildən çoxdur ki, bir çox qonşu ölkələrə səfər etməmişəm. SSRİ dağılandan sonra ədəbi mühit itdi. Allaha şükür ki, əvvəlki kimi olmasa da, Azərbaycanda bu mühit var", - deyə Süleymenov bildirib.
Yazıçı hər şeydən çox vaxtilə kimya sənayesi şəhəri olan, indi isə hər tərəfi yaşıllaşmış Sumqayıtın gözəlliyinə və təmizliyinə valeh olub. O, həmçinin Azərbaycanın kədərli səhifələrini, xüsusilə də 1990-cı ilin qanlı 20 Yanvar hadisələrini xatırladıb. Süleymenov baş verənlər barədə xəbər aldıqdan dərhal sonra, möhkəm soyuqlamasına baxmayaraq, Bakıya uçub.
"Rastıma çıxan ilk maşına oturub hava limanına tələsdim. SSRİ Ali Sovetinin deputat mandatından istifadə edərək hansısa yarıhərbi təyyarə ilə Bakıya uçdum, çünki onda müntəzəm uçuşlar ləğv edilmişdi. Mən onda bir həftə Bakıda qaldım. Bütün bunları hələ də sanki dünən olubmuş kimi xatırlayıram, baxmayaraq ki, o vaxtdan 30 il keçib. Hər dəfə Bakıya gələndə 20 Yanvar qurbanlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedirəm", - deyə türk dünyasının böyük ziyalısı əlavə edib.
Görüşdə Süleymenovun bir çox azərbaycanlı həmkarları, Xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Natiq Rəsulzadə, Xalq artisti Fəxrəddin Manafov, Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova və bir çox digər qonaqlar da çıxış ediblər. Onların hər biri Süleymenovun yaradıcılığına münasibət bildirib, ona uzun ömür, cansağlığı və yaradıcılığını davam etdirmək imkanı arzulayıblar. Yaradıcılıq gecəsinin axırında hər kəs yazıçı ilə şəkil çəkdirib və ondan avtoqraf alıb.