BAKI, 18 oktyabr — Sputnik. Birləşmiş Ştatlar bu gündən Avropa İttifaqı istehsalı olan təyyarələrə 10%, kənd təsərrüfatı və sənaye məhsullarına 25% məbləğində gömrük rüsumları tətbiq edəcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, ABŞ bu qərarı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli üzrə orqanının qərarından sonra verib. Rəsmi Vaşinqton müvafiq ərizəni ÜTT-yə 2004-cü ildə verib.
Birləşmiş Ştatların ticarət nümayəndəsi Robert Laytxayzer bildirib ki, qərar oktyabrın 18-i qüvvəyə minəcək. Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, Amerika Avropa İttifaqından idxal olunan şərab və xammala da gömrük rüsumları tətbiq edəcək.
Almaniya Xarici İşlər naziri Hayko Maas da daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar Avropa İttifaqından idxal olunan mallara gömrük rüsumları tətbiq edərsə, qurum bunu cavabsız qoymayacaq.
Almaniya XİN rəhbərinin sözlərinə görə, Aİ buna reaksiya verməli və ÜTT-nin razılığı ilə öz rüsumlarını tətbiq etməlidir.
O, eyni zamanda ABŞ-ın Avropa İttifaqının qarşılıqlı səmərəli qərar qəbul etmək barədə təklifini rədd etməsini də tənqid edib.