2018-ci ildə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakı Xan Sarayı kompleksinin bərpa və rekonstruksiya işləri başlayıb. Kompleksin ərazisində həm də XVII əsrə aid yeraltı hamam da yerləşir. Bərpa işləri iki il ərzində bu sahənin ən tanınmış və aparıcı Avropa şirkətlərindən olan Avstriyanın “Atelier Erich Pummer GmbH” tərəfindən aparılıb.
Hamam Qoşa Qala qapısının yaxınlığında yerləşir. XIX əsrin əvvəlində Rusiya İmperiyası qoşunları tərəfindən Bakı xanlığının tutulmasından sonra kompleks yer altında qalmışdı. Yer altında bu qədər çox müddət qaldığını nəzərə alsaq, hamam, belə desək, “təbii konservasiya” edilib və buna görə də günümüzə qədər yaxşı vəziyyətdə çatıb. Hamamın yalnız günbəzləri dağılmışdı və onlar da Abşeron əhəngdaşı istifadə etməklə bərpa edilib.
Hamamın daxilində muzey fəaliyyət göstərir. Burada 17-18-ci əsrlərə aid hamam ləvazimatları, çini qablar, sikkələr nümayiş etdirilir. Hamamda bütün ərazilər – dəhlizlər, sauna və istirahət zonaları bərpa edilib. Hamamın qərb hissəsində isə qazıntılar zamanı aşkar edilmiş və radiokarbon analizi üçün Almaniyaya göndərilmiş taxta element saxlanılır. Nəticələr bu elementin 1640-cı ilə aid olduğunu göstərib. Bundan başqa, burada həm də divara həkk edilmiş küplər saxlanılır. Onlar hamamın akustikasını və su səsinin söhbətlərə mane olmamasını təmin edirdi.
Hamamın “ürəyi” olan qazanxana da tamamilə öz formasında saxlanılıb və bərpa edilib. Burada su qızdırılır və hamamçı çimmək üçün uyğun su temperaturunu qoruyub-saxlayırdı.
Bakı sakinləri və qonaqları bu yeraltı hamamı koronavirusun yayılmasının qarşısını almaq üçün təyin edilən karantin rejiminin bitməsindən sonra ziyarət edə biləcəklər.