Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə Bakı Xan Sarayının bərpası və rekonstruksiyası başlayıb. Bütün işlər dövlət tarixi-memarlıq qoruğunun idarəsi tərəfindən aparılıb.
Bakı Xan Sarayı Şamaxı Darvazasının (Qoşa Qala) solunda yerləşir. 1806-cı ildə Bakı Xanlığı Rusiya tərkibinə daxil edildikdən sonra, binada Rusiyanın hərbi qarnizonu yerləşib. Post-sovet vaxtlarında isə burada hərbi komendatura olub.
Bir vaxtlar kompleksə beş qapalı həyət, onların birində ayrıca meyvə bağı, ovdan, fəvvarə və hamam daxil olub. Günümüzə isə yalnız portal və bərpa edilmiş kiçik məscid çatıb. Bərpa işlərinin başlamasından sadəcə iki il sonra isə saray sanki yenidən canlanıb. İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovanın sözlərinə görə, koronavirus pandemiyasının yayılması əleyhinə ölkədə elan edilmiş karantin rejimi bitər-bitməz, Bakı Xan Sarayı muzey kimi fəaliyyət göstərməyə başlayacaq.
“Bu çox maraqlı və xüsusi bir muzey olacaq. Sadəcə bir şey deyə bilərəm ki, hər qonaq özünü zaman səyahətçisi kimi hiss edəcək. Burada hər kəs XV əsrdən XX əsrin əvvəlinə qədər Bakının tarixinə səyahət edə biləcək”, - deyə Məlikova bizimlə bölüşüb.
Bərpa edilmiş həyət isə Qədim şəhərin sakinləri və qonaqları üçün yamyaşıl gəzinti guşəsinə çevrilib. Bu ərazidə qalereya– “Baqqal” suvenir və ənənəvi sənət nümunələrinin sərgi və satışı, Kitab evi və kafe fəaliyyət göstərir. Parka giriş pulsuzdur, muzeyə bilet isə yerli sakinlər üçün 2 manat, tələbə və məktəblilər üçün 50 qəpik, xarici qonaqlar üçün isə 5 manat olacaq.
Bizə isə “İçərişəhər” Muzey mərkəzinin hissəsi olacaq yeni muzeyin öz qapılarını nə vaxt açacağını gözləmək qalır.