17:30 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Artıq iki aydan çoxdur ki, bütün ölkədə koronavirus məktəblərimizi şagirdsiz qoyub. Bu şəraitdə Təhsil Nazirliyi müxtəlif digər platformalar təklif etməyə çalışır. Bunlardan biri olan Teledərs layihəsinin necə ərsəyə gəldiyini videomuzda izləyin.

Mart ayının 3-dən etibarən Azərbaycanın bütün təhsil ocaqlarında dərslər dayandırılıb. Məhz bu şəraitdə şagird və tələbələrin öz təhsilini yarımçıq qoymaması üçün Təhsil Nazirliyi müxtəlif yeni platformalar təklif etməyə başlayıb. Bunlardan biri olan Teledərs layihəsi mart ayının 11-dən etibarən Mədəniyyət Kanalında həftədə beş gün, gündə altı saat olaraq göstərilir.

Layihənin arxa cəbhəsində də iş eynilə qızğındır. Çox qısa müddət ərzində Təhsil Nazirliyi təcrübəli komanda yığmağa nail olmuşdur. Layihə üzərində həftənin 5 günü, hər gün 6-7 saat olmaqla qızğın iş gedir. Komanda hər gün həm Azərbaycan, həm rus bölmələri üçün 50-yə yaxın yeni dərs çəkir, onları yerindəcə montaj edir. Maraqlısı odur ki, fizika, riyaziyyat, ana dili kimi əsas fənlərdən başqa, rəsm, informatika kimi ikinci dərəcəli dərslər də əhatə edilib. Texniki dərslər üzrə eksperimentlər də yaddan çıxmayıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, layihə kifayət qədər yaxşı reaksiya doğurub.

“Biz həm də əlavə monitorinqlər aparırıq. Biz həm verdiyimiz mesajları dəyərləndirə bilirik, eyni zamanda nəyi daha düzgün və insanlar üçün daha əlçatan etməli olduğumuzu anlayırıq”, - deyə Cəsarət bəy bizimlə bölüşüb.

Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu isə bu layihənin gənc müəllimlər üçün nəhəng inkişaf imkanı olduğunu deyib.

“Müəllimlərimizin əsas kontingenti təcrübəli pedaqoqlardır. Amma gənc müəllimlər də öz təşəbbüsü ilə layihəyə qoşulmaq istəyiblər. Biz böyük məmnuniyyətlə onları qəbul edirik. Çünki onlar özlərini kənardan müşahidə etmək və daha təcrübəli pedaqoqlardan öyrənmək imkanı əldə etmiş olurlar”, - deyə Vəfa xanım öz fikirlərini bizimlə bölüşüb.

Təhsil Nazirliyi post-karantin müddətində də layihəni davam etdirəcəklərini istisna etmir. Qeyd edək ki, dərslər həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında “Dərs vaxtı” verilişində xüsusi cədvəl üzrə yayımlanır.

Digər videolar

Əsas mövzular