13:32 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bodibildinqi Azərbaycanda kişilər üçün idman növü hesab edirlər. Amma 22 yaşlı Gülər İsmayılova bu stereotipi qırmağa nail olan nadir qadınlarımızdan biridir.

Hal-hazırda ADA Universitetinin beynəlxalq münasibətlər fakültəsində 5-ci kurs tələbəsi olmasına baxmayaraq, Gülər öz gələcəyini diplomatik korpuslarda təsəvvür edə bilmir. Uzun illərdir müxtəlif idman növləriylə məşğul olan qəhrəmanımız bir ilə yaxındır ki, bodibildinq sahəsində peşəkar olaraq fəaliyyət göstərməyə başlayıb. Və ilk uğuru da özünü çox gözlətməyib. Aylarla hazırlıq, qan-tər... Bir sözlə, Gülərin var gücü ilə çalışması öz bəhrəsini verib. Ötən ilin noyabr ayında o, Azərbaycan Bodybuilding və Fitness Bikini çempionatında ikinci yer qazanıb.

Maraqlısı odur ki, bu nailiyyət digər idman növlərində olduğu kimi təbriklər və dəstək sözlərilə nəticələnməyib. Tam əksinə! Qadın bodibilder olaraq, Gülər olduqca sərt tənqidə məruz qalıb. Sosial şəbəkələrdə paylaşımlar etdikdən sonra ona yazılan şərhlərin çoxunda qadın kimi incə olmaması ilə bağlı tənqidlər olub. İlk öncə bunlara görə çətinlik çəkən idmançı, artıq öyrəşdiyini və bir tərəfdən də bu cür reaksiyanın heç də təəccüblü olmadığını deyir.

Gülərin sözlərinə görə, nəinki bodibildinq, ümumiyyətlə idman sahəsi bizdə son illərdə inkişaf etməyə başlayıb. O, deyir ki, əvvəl insanlarımız idman zalına və öz bədən formalarına bu qədər maraq göstərmirdilər. İnsanların idmana marağı artdıqca, onlar bodibilderləri də daha yaxşı başa düşməyə başlayıblar. Bizim qadınlara gəldikdə isə onların istəyi bodibildinq deyil, daha çox öz bədənlərini ideal formaya salmaqdır.

Düşünürük ki, hər idman növündə cüzi bir nailiyyətə sahib olmaq böyük əzmkarlıq, intizam və ağır iş tələb edir. Bunun üçün idmançılara, xüsusilə də kişi idman növü hesab edilən istiqamətlərdə məşq edən qadınlara xüsusi hörmətimiz var. İstəyimiz hər birinin səsini ucalardan eşitməkdir.

Digər videolar

Əsas mövzular