01:26 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
Hi-Tech
Qısa URL
4410

Təkcə yanvar ayının son 6 günü ərzində yeni şəbəkəyə 1,1 milyon insan qoşulub. Ancaq bu, elə də asan deyil. Məsələn, oraya dəvəti hətta satırlar

BAKI, 12 fevral — Sputnik. 2021-ci ildə yeni sosial şəbəkə – "Clubhouse" çox məşhurlaşdı. Bu şəbəkəyə daxil olmaqla İlon Mask, Mark Zukerberq kimi məşhurlarla birbaşa ünsiyyətdə olmaq mümkündür. Təkcə yanvar ayının son 6 günü ərzində yeni şəbəkəyə 1,1 milyon insan qoşulub. Ancaq "Clubhouse"-a qoşulmaq digər sosial şəbəkələrdə qeydiyyatdan keçmək qədər asan iş deyil. Ora yalnız "invite", yəni, dəvətnamə ilə düşmək mümkündür. İş o yerə çatıb ki, "Clubhouse"-a dəvətlər "eBay", "Alibaba" kimi nəhəng elektron ticarət saytlarında satışa çıxarılır.

Bəs bu yeni sosial şəbəkənin mahiyyəti nədir və onun ətrafında niyə bu qədər ajiotaj yaranıb?

Əvvəlcə onu qeyd edək ki, "Clubhouse"-un hələ heç bir yaşı da tamam olmayıb. Bu şəbəkə 2020-ci ilin aprel ayında Stenfordun iki məzunu – "Google"-un yaradıcılarından olan Pol Devisonla Roqan Set tərəfindən istifadəyə verilib. Devison sosial şəbəkə işində, necə deyərlər, köhnə adamdır, o, hələ 2012-ci ildə "Highlight" tətbiqini işləyib-hazırlamışdı. Bu tətbiqin qəribə iş prinsipi var idi: yaxınlıqda olan eyni maraq dairəsinə sahib istifadəçilərin bir-birini tapmasına kömək edirdi. Proqram bu məqsədlə istifadəçilərin "Facebook" profillərini analiz edirdi. Ancaq bir şərtlə ki, həmin istifadəçilərin hamısı "Highlight"-da hesaba sahib olmalı idilər.

Mobil tətbiq məxfilik prinsipinə xələl gətirməsi və istifadəçilər haqqında məlumatların başqaları ilə paylaşılması səbəbindən (istifadəçilər özləri bunu məhdudlaşdırmaq imkanına malik deyildilər) çox tənqid olundu. Nəticədə 2015-ci ildə "Highlight" bağlandı. Amma onun yaradıcıları bu addımdan sonra heç də məyus olmadılar və mahiyyəti etibarı ilə "Instagram"-a bir xeyli bənzəyən "Shorts" sosial şəbəkəsini yaratdılar. "Highlight" qədər olmasa da, "Shorts" şəbəkəsi də səs-küy doğurdu. Məsələ burasındadır ki, istifadəçilərin smartfonundakı bütün şəkillər (o cümlədən, bir o qədər də uğurlu alınmayan və intim xarakterli fotolar) "Shorts"-a düşə bilərdi.

Beləliklə, bu şəbəkənin də taleyi uğurlu olmadı və tezliklə bağlandı. Pol Devison isə necə deyərlər, şələ-küləsini qoltuğuna vurub "Pinterest"-də işləməyə getdi. Ta ki 2020-ci ildə köhnə dostu Roqan Setlə "Clubhouse" yaradana kimi orada çalışdı.

Devisondan fərqli olaraq Setin şəxsi biznesini qurmaq cəhdi daha uğurlu alınmışdı: 2014-cü ildə mobil tətbiq və sosial media inkişaf studiyası olan "Memry Labs"-ı yaratdı. "Memry Labs" bir xeyli məşhurlaşandan sonra kifayət qədər yüksək məbləğə "OpenDoor" internet şirkətinə satıldı.

"Clubhouse"-un yaradıcıları canlı ünsiyyətə daha çox diqqət ayırıblar: sosial şəbəkə "otaq"lardan və "klub"lardan ibarətdir. Maraqları üst-üstə düşən insanlar bu otaqlarda "görüşüb" söhbət edə bilərlər. Ancaq bir şərtlə: yalnız səsli və real vaxt rejimində ünsiyyətə icazə verilir. Səs yazısını qeydə almaq qadağandır. Clubhouse-da qeydiyyatdan keçmiş hər bir istifadəçi müəyyən mövzu üzrə hamıya açıq olan söhbət "otağı" yarada bilər. Bundan dərhal sonra onun bütün abunəçilərinə söhbətə qoşulmaq üçün bildiriş gedir. Sonrakı addım, necə deyərlər, abunəçilərin abunəçilərinin də söhbətə qoşulmasından ibarətdir və beləliklə, şəbəkə genişlənir.

Söhbətdə iştirak edən bütün insanlar spikerlərə və dinləyicilərə bölünür, hərçənd, hamının "əl qaldırmaqla" spiker olmaq, çıxış edənlərə sual vermək imkanı var. Hər bir istifadəçi "otaq"larda üç dəfə diskussiya təşkil edəndən sonra öz daimi "klub"unu yarada bilər. Ancaq bu klubun qeydiyyatdan keçməsini "Clubhouse"-un moderatorları təsdiqləməlidirlər.

Sosial şəbəkələrdəki bütün "otaq"lar açıq, məxfi və yaxud da yalnız müəyyən bir klubun üzvlərinə əlçatan ola bilər.

Şəbəkənin mənfi xüsusiyyətləri sırasında isə hələlik yalnız "Apple" istifadəçiləri üçün nəzərdə tutulması və Android əməliyyat sistemi tərəfindən dəstəklənməməsi, yaradılan hesabın silinmə imkanının olmaması qeyd edilir.

Əsas mövzular