16:03 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
Hi-Tech
Qısa URL
81 0 0

Material hazırlanarkən "WhatsApp"ın geri çəkildiyi barədə məlumatlar yayıldı. Bu məlumat doğru olsa belə, tətbiq bir müddətdən sonra bu cəhdi təkrarlaya bilər və bu pisdir. Ekspertlər deyirlər ki, Azərbaycanda bu tətbiqə alternativ yoxdur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Dünyanın ən populyar mobil mesajlaşma xidmətlərindən biri olan "WhatsApp"-ın istifadəçilərinin məlumatları "Facebook"la paylaşılacaq. Artıq dünəndən etibarən bu xəbər Azərbaycanda da "WhatsApp" istifadəçiləri arasında böyük narahatlığa səbəb olub. İndi çoxları "WhatsApp"-dan imtina edərsə, alternativ olaraq hansı mobil mesajlaşma xidmətindən yararlanmağın təhlükəsiz və səmərəli olduğunu düşünür. Sputnik Azərbaycan ölkəmizdə "WhatsApp"-a alternativ mobil mesajlaşma xidmətinin olub-olmadığını, təhlükəsizlik nöqteyi nəzərindən hansı mesencer tətbiqinin əlverişli olduğunu, ümumiyyətlə "WhatsApp" tətbiqində yayımlanan yenilənmiş istifadəçi müqaviləsinin təhlükəsini araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə tanınmış ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azərbaycandilli sosial media məkanı, media qurumları "WhatsApp"la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər. Ekspert "WhatsApp"-la bağlı narahatçılığa ciddi əsaslar olmadığı fikrindədir. Onun sözlərinə görə, adi istifadəçinin yazışmaları heç kimə lazım deyil: "Burada hansısa risklər yoxdur. Sadəcə düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumlarının, xidməti və əhəmiyyətli məlumatların bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər".

O.Gündüz deyir ki, Azərbaycan vətəndaşları uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən "WhatsApp"dan pulsuz bəhrələnirlər: "Pulsuz olaraq bizə mobil mesajlaşma xidməti göstərilir. Biz də bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir. Təbii ki, əvəzində bizim məlumatlardan da, uzun müddətdir ki, "Facebook" da, digərləri də istifadə edir. İndi də "WhatsApp" "Facebook"-a məxsus olduğundan bu məlumatlardan "WhatsApp"-da reklam məqsədilə istifadə olunacaq. Loru dildə desək, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır".

Ekspert hesab edir ki, vətəndaşların və qeyri-dövlət sektorunun inkişafı üçün imkan daxilində, bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı: "Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik. Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var".

O ki qaldı azərbaycanlı "WhatsApp" istifadəçilərinin bu risklərdən dolayı alternativ mobil mesajlaşma xidməti olaraq hansını seçməsinə, O.Gündüz bu gün ölkəmizdə internet üzərindən abonentlərarası milli mesajlaşma xidmətinin, belə bir tətbiqin olmadığını söyləyir: "Hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"-ın sahibi başqası olsun və ayrı qaydalar olsun. Odur ki paralel olaraq digər resurslardan ("Telegram", "Signal" və s.) istifadə etmək doğru olardı. Amma nəzərə alaq ki, "Telegram" da rus vətəndaşına məxsusdur".

Həmsöhbətimiz bildirir ki, bu gün Azərbaycanın özünün "WhatsApp" kimi yerli resursunun olması yaxşı olardı: "Amma bizdə "WhatsApp"-a alternativ bir tətbiq yaradılmayıb. Buna da bir səbəb bizim IT bazarımızın çox kiçik olmasıdır. Kimsə bu bazarda "WhatsApp"-a bənzər tətbiq yaratmaq üçün çox böyük vəsait xərcləməlidir. Özəl sektorun buna milyonlarla manat sərmayə qoyması isə risklidir. Azərbaycanda IT sahəsində fəaliyyət göstərən özəl sektor tərəfindən bu tətbiqin qlobal bazara çıxarılması sual altındadır. Qlobal bazarda "WhatsApp", "Signal", "Messenger", "Telegram" kimi tətbiqlər var. Onlarla rəqabətə girib regional və qlobal bazarda yer tutmaq çox çətindir. Bu gün "WhatsApp" və onun funksiyasını yerinə yetirən mobil tətbiqlər pulsuzdur. Əgər biz yerli bazarda belə bir tətbiq istifadəyə versək, gərək onu pullu edək. Bu isə abonentlərə sərf etməyəcək. Heç kəs "WhatsApp" kimi pulsuz ünsiyyət vasitələrini qoyub pullu xidmətdən yararlanmayacaq. Yerli bazarda bu cür məhsulların biznes baxımından uğurlu olacağı çətindirsə, qlobal bazara çıxmaq ondan da çətindir. Kimsə kənardan buna dəstək verməlidir. Ola bilər ki, dövlətin və böyük korperasiyaların dəstəyi ilə belə bir resursun yerli bazarda oturuşması mümkün olsun. Amma abonentlərin dəstəyi ilə belə bir resursun ölkəmizdə işləməsi şübhə doğurur. Əgər dövlətin dəstəyi ilə belə bir yerli resurs yaradılarsa, bu da müəyyən narazılıqlara səbəb olacaq. Onda da şübhələnəcəyik ki, bütün yazışmalarımız dövlətin nəzarətində olacaq".

Ekspert bildirir ki, hazırda ən yaxşı variant fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırılmasıdır: "Görürsünüz ki, "WhatsApp" tətbiqində yayımlanan yenilənmiş gizlilik müqaviləsi Avropa Birliyi ölkələrinə aid deyil. Avropanın öz qayda-qanunları var. Elə diqqət yetiriləcək məqam da bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb. Yəni, görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin tarixçəsi, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlumatlar nə dərəcədə qorunur?

Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb. Yəni, tutaq ki Rusiyada  kiminsə mobil nömrəsini "Beeline" operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə hesabatını isə 3500-4500 rubla almaq olar. Kiminsə ev ünvanını da bəlli bir məbləğə Pasport Qeydiyyat İdarəsindən əldə etmək olur. Yaxud da daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər. Fikrimcə, bizim ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırılması və təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı".

Qeyd edək ki, artıq qardaş ölkə olan Türkiyədə abonentlər "WhatsApp" tətbiqində yayımlanan yenilənmiş gizlilik müqaviləsinə etiraz olaraq öz telefonlarına "Türkcell" şirkətinə məxsus BiP mesajlaşma tətbiqini köçürüblər. Hətta Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da gizlilik siyasətindəki dəyişiklik səbəbindən "WhatsApp"messencerindən imtina edib. Təhlükəsizlik məsələləri səbəbindən Türkiyə Prezident Administrasiyasının əvvəllər "WhatsApp"da yaradılan qruplarını "Türkcell" şirkətinə məxsus BiP mesajlaşma tətbiqetməsinə köçürəcəyi bildirilib. Ərdoğanın ofisi də açıqlamasında jurnalistləri BiP-ə keçməyə çağırıb.

Azərbaycanda isə mobil operatorlar belə bir mesajlaşma tətbiqi istifadəyə verməyə hazır deyil. "Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət hələki belə bir mobil tətbiq hazırlamayıb: "Azercel"-də bu tipdə tətbiq yoxdur. "WhatsApp"-da olduğu kimi müxtəlif mobil operatorların abonentləri arasında ünsiyyəti mümkün edən mesajlaşma tətbiqinə ehtiyac qiymətləndiriləcək və ehtiyac duyulduğu halda məlumat veriləcək".

IT mütəxəssisi Vahid Qasımov isə abonentləri "WhatsApp" tətbiqində yayımlanan yenilənmiş gizlilik müqaviləsindən narahat olmamağa səsləyib. O bildirib ki, Azərbaycan 10 milyonluq kiçik ölkədir. Bizi "Google" belə vecinə almır. Reklamı Azərbaycan dilində yerləşdirmir. Biz onların maraq dairəsində deyilik".

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışarkən
© AP Photo / Yasin Bulbul

V.Qasımov bildirir ki, onsuz da şifrələnmiş məlumatlar ancaq sadə camaat üçündür. Təhlükəsizliyə nəzarət edən dövlət qurumlarında o kodlar mövcuddur. "WhatsApp" və digərləri o kodları həmin qurumlara verməyə məcburdurlar. Bu istər Rusiya olsun, istər də Amerika, hər birinin qanunvericiliyində öz əksini tapıb. "Facebook", "Signal", "Telegram" və "WhatsApp" bu kodları İnterpola və Təhlükəsizlik qurumlarına verməyə borcludurlar. Səsli mesajların şifrələnməsi qara camaat üçün şifrəlidir. Xüsusi təhlükəsizlik xidmətlərində o kodlar mövcuddur".

Bir daha xatırladaq ki, "WhatsApp" tətbiqetməsinin davamlı istifadəsi üçün abonentlər 8 fevral tarixinə qədər yenilənmiş gizlilik müqaviləsini təsdiqləməlidirlər. Əks halda, onların "WhatsApp"-dan istifadəsi mümkünsüz olacaq. Bu gün "WhatsApp" bununla bağlı daha bir açıqlama yayıb. Bildirilir ki, "WhatsApp" insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir: "Şəffaflığı daha da artırmaq və müəssisələrin "WhatsApp" vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz "Facebook" vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar. Bu yeniləmə "WhatsApp"-ın "Facebook"-la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir".

Qeyd edilir ki, "WhatsApp"-da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edir. Üçüncü şəxslər hətta "WhatsApp" və ya "Facebook"-da bu məzmuna baxa bilmir.

Teqlər:
Osman Gündüz, Vahid Qasımov, mesaj, WhatsApp, tətbiq

Əsas mövzular