CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tokio Olimpiadası bitdi: necə oldu ki, 25 ildə ilk dəfə “qızıl”sız qaldıq

© REUTERS / PIROSCHKA VAN DE WOUWАзербайджанский борец греко-римского стиля Рафиг Гусейнов
Азербайджанский борец греко-римского стиля Рафиг Гусейнов  - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Azərbaycanın Tokio Olimpiadasındakı medallarının yarıdan çoxunu milliləşdirilmiş idmançılar aldılar ki, onlardan üçü Ukraynadandır.
BAKI, 8 avqust – Sputnik. Tokio Milli stadionunda XXXII Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatdı. İyulun 23-dən avqustun 8-dək dünyanın ən güclü atletləri Yaponiya paytaxtında qüvvələrini sınadılar. 207 ölkədən 11,3 min idmançı 33 idman növündə 339 medal qazanmaq üçün yarışdı.
Ümumi medal sıralamasında ABŞ 39 qızıl, 41 gümüş və 33 bürünc medalla lider oldu. İkinci sıraya Çin (38-32-18), üçüncü sıraya Yaponiya (27-14-17), dördüncüyə Böyük Britaniya (22-21-22), beşinciyə isə Rusiya çıxdı (20-28-23).
Bağlanış mərasimində Azərbaycanı bir bayraqdar təmsil etdi – Olimpiadanın gümüş medalını qazanan, üçqat dünya və Avropa çempionu Hacı Əliyev.
Mərasimin sonunda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Olimpiya bayrağını Ann İdalqoya, Parisin merinə verdi. Fransa paytaxtı 2024-cü ildə, iyulun 26-dan avqustun 11-dək növbəti, XXXIII Olimpiya Oyunlarını qəbul etməyə hazırlaşır.
Xatırladaq ki, 2020-ci ildə kooronavirus pandemiyası səbəiindən Tokio Olimpiadası təxirə salınmışdı. Yaponiyanın özündə də onun əleyhdarları az deyildi, Oyunlar zamanı etiraz aksiyaları səngimədi də, indi isə fəallar hökumətdən Tokioda avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılan Paralimpiya Oyunlarından intina etməyi tələb edirlər. Ancaq Tokio-2020-nin təşkilat komitəsinin rəhbəri Seyke Hasimotonun sözlərinə görə, Oyunlar zamanı Tokioda cəmi 19 idmançıda COVID-19 aşkarlanıb və onlar da yarışlarda iştirak etməyiblər.
Tokio Yay Olimpiya Oyunları bitməzdən bir gün əvvəl azərbaycanlı idmançılar yarışlarda çıxışlarını başa vurdular.
İdmançılarımız Tokioda cəmi yeddi medal qazandılar ki, bunun da üçü gümüş, qalanı bürüncdür.
Gümüş medalı sərbəst güləşdə Hacı Əliyev (65 kq), karatedə Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), bürüncləri isə cüdoda İrina Kindzerska (+78 kq), boksda Alfonso Dominges (81 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) və qadın güləşində Mariya Stadnik (50 kq) qazandılar.
Medal hesabına görə, ölkəmiz 67-ci yeri tutdu.
Xatırladaq ki, Azərbaycanı Tokio-2020-də 44 idmançı təmsil edirdi. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirdilər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

İyirmi beş ildə ilk dəfə qızıl medal qazana bilmədik

Hələ Tokioda Olimpiya Oyunları başlamamışdan hamı anlayırdı ki, bu yarış əvvəlkilərdən fərqlənəcək və bütün atletlər, o cümlədən Azərbaycanda olan idmançılar üçün ağır sınaq olacaq. Yəni koronavirus pandemiyası təkcə yarışların təşkilatçılığına deyil, eləcə də idmançıların hazırlığına təsir etdi.
Koronavirus pandemiyası Azərbaycan millisinin say tərkibinə də müəyyənləşdirdi. Tokioda cəmi 44 təmsilçimiz vardı – son dəfə bu qədər sayda atletimiz 2008-ci il Pekin Olimpiadasında çıxış etmişdi. Yeri gəlmişkən, bu dəfə Azərbaycan idmançıları təxminən Pekində qazandıqları sayda medal qazandılar – Pekində onların sayı 6, Tokioda isə 7 oldu.
Azərbaycanın ilk dəfə müstəqil ölkə kimi çıxış etdiyi 1996-cı il Atlanta Olimpiya Oyunlarından bəri ilk dəfə idmançılarımız qızıl medal qazana bilmədilər. O zaman Azərbaycan üçün yeganə medalı hazırda ölkəmizin sərbəst güləş üzrə baş məşqçisi Namiq Abdullayev (gümüş) qazanmışdı.
Sonrakı Olimpiadalarda Azərbaycan idmançıları qızıl medallar qazanırdılar: Sidney-2000-də bir qızıl (Namiq Abdullayev), Afina-2004-də iki qızıl (güləşçi Fərid Mənsurov, atıcı Zemfira Meftahəddinova), Pekin-2008-də bir (cüdoçu Elnur Məmmədli), London-2012-də iki (güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov), Rio-2016-da bir (taekvondoçu Radik İsayev).
Medalların sayına görə də xeyli geriləmişik. Beş il əvvəl Rioda Azərbaycan 18 medal (1, 7, 10) qazanmışdısa, indi cəmi yeddi (üçü gümüş, dördü bürünc) medalımız var. Maraqlıdır ki, Oyunlardan əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov komandadakı real vəziyyəti dəyərləndirərək səkkiz medala ümidi olduğunu demişdi. Yəni, demək olar ki, vəzifə yerinə yetirilib, haqdır ki, qızıl medal olmadığına görə, bundan heç kim razı deyil.
Tokio Olimpiya Oyunlarında ilk medalını Azərbaycan yarışların yeddinci günü qazandı. Bunun özü də Atlanta-1996-dakı kimi pis nəticədir. O zaman Namiq Abdullayev yarışların 14-cü günündə ilk və yeganə medalı qazana bilmişdi. Onun əyarı gümüş idi.
Dörd il sonra Sidneydəki ilk və qızıl medal yarışların 6-cı günü qazanıldı. Onun sahibi stend atıcılığında Zemfira Meftahəddinova oldu. O, İradə Aşumova ilə birlikdə Afina-2004-də oyunların müvafiq olaraq altıncı və beşinci günündə mükafat qazana bildilər.
Ən erkən Olimpiya medalımız isə 2008-də Pekində qazanılıb. Cüdoçu Elnur Məmmədli yarışların üçüncü günü effektli qələbə ilə mükafatçı oldu. 2012-ci ildə Londonda da yarışın üçüncü günü ağır atlet Valentin Hristov bürünc medal qazandı. Düzdür, sonradan o medalı əlimizdən aldılar: ağır atletin qanında dopinq tapıldı. Nəhayət, 2016-cı ildə Rioda Rüstəm Orucov yarışların üçüncü günü bürünc mükafat qazanıb.
Maraqlıdır ki, Tokioda ilk və son medallarımızı İrina adlı iki qız, Ukraynadan olan milliləşdirilmiş cüdoçu və karateçi qazandılar. Cüdoçu İrina Kindzerska bürünc qazandısa, karateçi İrina Zaretska gümüş medalın sahibi oldu.
Ümumiyyətlə, Azərbaycanın Tokioda yeddi medalından dördünü milliləşdirilmiş idmançılar – ukraynalı Kindzerska, Zaretska və Mariya Stadnik, eləcə də kubalı Alfonso Dominges qazandı.
Azərbaycan idmanının yetirmələrinin sayı isə cəmi üç oldu – Rafael Ağayev, Hacı Əliyev və Rafiq Hüseynov. Əlbəttə ki, Azərbaycanın idman məmurları üçün düşünməyə əsas var.
Azərbaycanlı cüdoçuların çıxışını, sözsüz, Olimpiya millimizin ən böyük uğursuzluğu adlandıra bilərik. Tokioda rekord sayda – doqquz cüdoçumuz vardı, bunlardan da yeddisi kişi idi. Yəni kişilər arasında bütün çəki dərəcələrində təmsil olunurduq. Ancaq heç biri medal qazana bilmədi. Bircə Rüstəm Orucov (73 kq) müdalın  bir addımlığında büdrədi, bürüncü qazana bilmədi. Digər cüdoçular isə yarışı elə ilkin mərhələdən tərk etdilər.
Yeri gəlmişkən, Azərbaycan Cüdo Federasiyası hələ Oyunlar bitməmiş, vaxt itirmədən milli yığmanın bütün məşqçi heyətini istefaya göndərdi. Baş məşqçi isə indyədək gənclər komandasına rəhbərlik edən Elçin İsmayılov təyin olundu. Ola bilər ki, bu, müvəqqəti tədbirdir və milliyə başqa mütəxəssis dəvət olunacaq.
© REUTERS / SERGIO PEREZAzərbaycan cüdo millisinin üzvü Rüstəm Orucov Tokio Yay Olimpiya Oyunlarında
Азербайджанский дзюдоист Рустам Оруджев, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan cüdo millisinin üzvü Rüstəm Orucov Tokio Yay Olimpiya Oyunlarında
Kubalı boksçu Lorenso Sotomayorun (69) çıxışını da uğursuzluq hesab etmək olar. Riodakı gümüşdən sonra Tokioda ondan heç olmasa Braziliyadakı uğurunun təkrarını gözləyirdilər. Ancaq o, elə startdaca yarışdan çıxdı. Taekvondo üzrə dünya çempionumuz Beiqi Milad Harçeqani də (80 kq) startda uduzaraq bütün ümidləri basdırdı.
Azərbaycanın digər bir çox idmançısından Oyunlarda medal gözlənməsə də, onların öz idman növlərində çox zəif çıxışları məyus etdi. Bu halda hər şeydə koronavirusu günahlandırmağın da yeri yoxdur, çünki Olimpiyaya lisenziya qazanan bütün idmançılarımız Tokio Olimpiadasına hazırlaşmaq üçün hər bir şeylə tıəmin edilmişdilər.
Biri də qızıl olmayan yeddi medal, yəqin ki, Azərbaycanın idman rəhbərliyini qane etməyəcək. Xüsusilə də Riodakı 18 medaldan sonra. Əlbəttə, pandemiya Azərbaycan idmançılarına təsir edib, ancaq pandemiya tək Azərbaycanda deyildi axı. Ona görə də bu səbəbləri əvvəlki nazir Azad Rəhimovun vəfatından sonra yaxınlarda təyin olunacaq yeni Gənclər və idman naziri araşdırmalı olacaq.
Belə görünür ki, 2024-cü ildə keçiriləcək Paris Olimpiadasınadək Azərbaycan idmanındakı vəziyyət kökündən dəyişməyəcək. Gələn Oyunlara xeyli az vaxt qalıb – cəmi üç ilə vəziyyəti tam dəyişmək çətin olacaq. Üstəlik, Azərbaycan idmanının hazırkı liderlərinin çoxu, yəqin ki, karyerasını bitirəcək. Nəsil dəyişkənliyi isə, bir qayda olaraq asan keçmir. Ola bilsin ki, Rio-2016-dakı nəticələrə yaxın uğurları 2028-də Los-Anceles Olimpiadasında görə bilək. Hələliksə beş il əvvəlki regional idman dövləti statusunu qaytarmaq üçün xeyli ağır iş görmək lazımdır.
Eləcə də oxuyun:
Azərbaycan Tokio-2020-ni qızılsız başa vurdu: medal qazanan idmançılarımız
Rafael Ağayev: "Axşam məşq edib, növbəti yarışa hazırlaşacam"
Xəbər lenti
0