01:28 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
İDMAN
Qısa URL
18 0 0

Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Çempionlar liqasının təsnifat mərhələsində "Neftçiyə" qarşı cavab qarşılaşmasından gözləntilərini bölüşüb.

BAKI, 27 iyul — Sputnik. "Olimpiakos" Bakıya "Neftçi" üzərində qələbə üçün yollanır. Sputnik Azərbaycan xəbər verir ki, bunu oyundan əvvəlki mətbuat konfransında Yunanıstan çempionunun baş məşqçisi – portuqaliyalı Pedro Martinş deyib.

Çərşənbə günü, iyulun 28-də Bakıdakı "Bakcell Arena"da" UEFA Çempionlar liqasının təsnifat mərhələsində "Olimpiakos" və "Neftçi" komandaları arasında cavab qarşılaşması keçiriləcək. Klublar arasında ilk qarşılaşma bir həftə əvvəl Yunanıstanda keçirilib və yunanların minimal hesablı qələbəsi ilə nəticələnib.

Bakıya hamı gəlməyəcək

İlk növbədə portuqaliyalı mütəxəssis Neftçi ilə oyundan əvvəl komandasındakı ciddi kadr itkilərindən danışıb. Belə ki, komandanın əsas heyətinin birdən-birə səkkiz oyunçusu Bakıda keçiriləcək oyunda iştirak edə bilməyəcək: Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson.

"Əsas heyətin bir çox üzvləri müxtəlif səbəblərdən qarşıdakı oyunda iştirak edə bilməyəcəklər. Biz çətin vəziyyətə düşmüşük, amma çətinlikləri aşa da bilirik. İnanırıq ki, hər şey yaxşı olacaq. Bakıya Neftçi üzərində qələbə dalınca gedirik", - deyə Martinş bildirib.

Yunanıstanda öz futbolçularına inanırlar

Portuqaliyalı mütəxəssis onu da bildirib ki, ehtiyat oyunçularına inanır.

"Qarşıdakı oyunda ehtiyat heyətdən bir çox oyunçular meydana çıxacaqlar. Buna baxmayaraq, mən inanıram ki, onlar kifayət qədər yüksək səviyyəli oyunçulardır. Biz çox məşq etmişik və qarşıdakı oyuna hazırıq", - deyə Martinş bildirib.

Komandasının qəti qələbəsinə "Olimpiakos"un fransalı legioneri Matye Valbuena da inanır.

"İlk oyunda biz çox vacib qələbə qazana bildik. İnanıram ki, çətinliklərə baxmayaraq, yekunda qələbə əldə edə biləcəyik. Halbuki Bakıda Neftçiyə qarşı oyunun ağır olacağını başa düşürük", - deyə Valbuena bildirib.

Qeyd edək ki, iyulun 28-i "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Olimpiakos" oyunu saat 21:00-da başlayacaq.

Əsas mövzular