BAKI, 3 iyun — Sputnik. Futbol üzrə Azərbaycan seçmə komandası Belarus yığması üzərində layiqli qələbə qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Minskdə keçirilən yoldaşlıq görüşündən sonra Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi deyib.
Çərşənbə günü iyunun 2-də Azərbaycan yığması Minskdə keçirilən yoldaşlıq qarşılaşmasında Belarus komandasını 2:1 hesabı ilə məğlub edib. Yığmamızın tərkibində qolları Bədəvi Hüseynov və Ramil Şeydayev vurublar.
Komandamızın baş məşqçisi Canni de Byazi oyunun nəticəsindən razı qalsa da, oyunçuların buraxdığı səhvlərdən narazıdır.
"Bu, çətin oyun idi, lakin biz layiqli qələbə qazandıq. Oyunun nəticəsindən razı olsam da, yol verilən səhvlərdən narazıyam. Xüsusilə də qapımıza vurulan qolla bağlı epizoddan. Həmin epizodda həddən artıq lazımsız ötürmələr etdik. Bu, məni əsəbləşdirdi. Bundan əlavə, oyun ərzində qapıya doğru 22 zərbə vurmuşuq, lakin onlardan cəmi üçü qapıya tuş gəlib", - deyə Byazi vurğulayıb.
İtaliyalı mütəxəssis üç gün əvvəl Bədəvi Hüseynova onun artıq qol vurmaq vaxtının yetişdiyini xatırlatdığını etiraf edib.
"Bu gün o, nəhayət qol vurdu. Həyatda gərək inamlı olasan, yalnız bu halda arzu olunan nəticəyə nail olmaq olar. Bədəvinin yaxşı keyfiyyətləri var və standart vəziyyətlərdə onlardan istifadə etmək lazımdır. Ondan əlavə, yığmanın debütantları Bayramov və Əhmədzadə də yaxşı təsir bağışladılar. Onlar bizim gələcəyimizdir", - deyə Byazi fikrini tamamlayıb.
Xatırladaq ki, Azərbaycan yığması növbəti yoldaşlıq görüşünü iyunun 6-da Kişinyovda Moldova komandasına qarşı keçirəcək.
Eləcə də oxuyun:
-
Azərbaycan millisi yoldaşlıq görüşündə qalib gəldi
-
Azərbaycan millisi Türkiyəyə uduzub