Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 26 mart — Sputnik. Martın 24-də Türkiyənin İstanbul şəhərində Kadıköy Peşəkar Boks Klubunda peşəkar boksçular arasında turnir keçirilib. Turnirdə 15 ölkədən olan boksçu iştirak edib. Azərbaycandan isə təkcə lənkəranlı peşəkar boksçu Rauf Ağayev yarışa qoşulub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, 54 kq çəki dərəcəsində döyüşən R.Ağayev Türkiyə peşəkar boksçusu Zəkəriya Kınaya bütün raundlarda tam üstünlüklə 6:0 hesabı ilə qalib gəlib.
"Qarabağ Azərbaycandır" şuarı ilə rinqə çıxmışdım. Bu qələbəmi Vətən müharibəsi şəhidlərinə, qazilərinə və ümumiyyətlə müharibədə iştirak edən hər kəsə həsr etdim. İstanbul Kadıköy Peşəkar Boks mərkəzində keçirilən beynəlxalq turnirə məni əməkdar məşqçi Yadigar Məmmədov hazırlayırdı" - Ağayev bildirib.
Əlavə edək ki, Rauf Ağayev bu günə kimi 38 yaxın döyüş keçirib. Bu döyüşlərdən yalnız birində məğlub olub, 3 rinqi isə heç-heçə ilə başa vurub. Həvəskar kimi Ağayevin 215 döyüşü olub.
Məlumat üçün bildirək ki, R.Ağayev WBC versiyası üzrə Avropa və Asiya, WBCA versiyası üzrə Dünya çempionu kəmərlərinin sahibidir.
38 yaşlı bokscumuz onu da əlavə etdi ki, may ayında Almaniyada WBCA Dünya kəməri uğrunda rinqə çıxacaq, iyun ayında isə yenidən Almaniyada 2-ci Qarabağ Müharibəsi iştirakçıları arasında keçirilən boks turnirinə qoşulacaq. Bu turnirdə onun qardaşı İsmayıl Ağayev də iştirak edəcək.