Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dieqo Maradona 60 yaşında

© AP Photo / Marcos BrindicciДиего Армандо Марадона
Диего Армандо Марадона - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya futbolunun əfsanəsi ad günü ərəfəsində verdiyi müsahibədə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", deyib.

BAKI, 30 oktyabr — Sputnik. Özünə xas davranış tərzi, danışıq üslubu ilə seçilən Argentina və dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona bu gün 60 yaşını qeyd edir. Sputnik Azərbaycan-ın Türkiyənin NTV Spor saytına istinadən verdiyi məlumata görə, 30 oktyabr 1960-cı ildə Buenos-Ayresdə dünyaya göz açan Maradona futbol karyerasına 9 yaşında ikən "Estrella Roxa" məhəllə komandasında başlayıb.

Gənc yaşlarından topla qıvraq davranışına görə insanların diqqətini çəkən argentinalı oyunçu qısa müddətdə "Los Cebollitas"a, oradan da "Argentinos Juniors"a transfer olunaraq hələ 16 yaşı tamam olmamış peşəkar müqaviləyə imza atıb.

Bununla belə, Dieqo Maradona əsl futbol karyerasına 1982-ci ildə transfer olduğu "Boca Juniors" komandasında başlayıb. Həmin komandada cəmi bir mövsüm oynadıqdan sonra İspaniyanın nəhəng Barselona klubu onun üçün minnətçi düşüb. Barselona həmin vaxt argentinalı futbolçuya o dövrün ən yüksək qonorarını – 5 milyon funt pul təklif edib. Maradona bu komandada iki mövsüm oynayandan sonra 6.9 milyon funt qarşılığında İtaliyanın Napoli komandasına transfer olunur.

1987-1988-ci illər futbol mövsümündə İtaliyanın bombardiri olan Maradona Napoli komandasının tərkibində 2 İtaliya Kuboku, İtaliya Super Kuboku, UEFA Avropa Liqası və 2 İtaliya Liqası çempionluğunu yaşayır.

Bununla belə, Dieqo Maradonanın futbol karyerasında ən yüksək zirvə onunda tərkibində çıxış etdiyi Argentina Milli Komandasının 1986-cı ildə Dünya Kubokunu qazanması olur. Həmin vaxt Argentina yığmasının Almaniya Federativ Respublikasını 3:2 hesabı ilə məğlub etdiyi final oyununa ev sahibliyi edən Azteka Stadionunda 115.000 tamaşaçı olub.

Çempionatın ən maraqlı anlarından biri isə dörddə bir final oyununda yaşanır. İngiltərə yığması ilə qarşılaşan Argentina milli komandası 2:1 hesabı ilə qalib gəlir və hər iki qolu Maradona vurur. Oyunçunun ilk topu qapıya əllə göndərməsi futbol aləmində böyük səs-küyə səbəb olur və tarixə düşür. Daha sonra iştirak etdiyi bir televiziya proqramında bu hadisəni şərh edən Maradona "O topu vuran Tanrının əli idi", – deyir.

Dünya futbolunun əfsanəsi bir neçə gün əvvəl jurnalistlərə verdiyi müsahibəsində isə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", – deyə bildirib.

Qeyd edək ki, yaşadığı stresli günlərdən sonra kokain istifadə etməsi Dieqo Maradonanın futbol karyerasını yoxuşa sürükləyən əsas amil olub.

Xəbər lenti
0