BAKI, 31 iyul — Sputnik. Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi, italyan əsilli Canni De Byazi müsəlmanları Qurban bayramı münasibətilə Azərbaycan dilində olan posterlə təbrik edib.
Sputnik Azərbaycan bildirir ki, De Byazi təbriki Facebook-dakı hesabında paylaşıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 64 yaşlı italyan mütəxəssislə bu yaxınlarda ilyarımlıq müqavilə bağlayıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.
De Byazinin avqustun 10-da Bakıya gələcəyi planlaşdırılır.
Qeyd edək ki, bu, De Byazinin Azərbaycan dilində ilk təcrübəsi deyil. O, təyinatı ilə bağlı danışarkən rəsmi "Facebook" səhifəsində fikirlərini Azərbaycan dilində ifadə edib. Baş məşqçi əvvəlcə hamını salamlayıb: "Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".
UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan komandası ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Sentyabrın 8-də isə komandamız De Byazi ilə birlikdə Kiprə uçaraq yerli komanda ilə qüvvəsini sınayacaq.