10:51 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
945 0 0

"Jurnalistlər zəng vurur, müsahibələr verirəm. Bacımın övladları ilə oynayıram. İngilis dilini öyrənməyə başlamışam"

 

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda 5 aprel tarixindən xüsusi karantin rejimi tətbiq olunub. Bununla əlaqədar olaraq bütün idman yarışları dayandırılıb. Bəs görəsən, idmançılarımız bu cür rejimdə hansı addımlar atır? Ölkə vətəndaşlarına nə kimi tövsiyələr verir. Bu suallarla bağlı Sputnik Azərbaycan ölkənin tanınmış idmançıları ilə əlaqə saxlayıb.

Karantin dövründə Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya çempionu Rəsul Çunayev evdə məşq etdiyini söylədi: "Fiziki cəhətdən formamı qorumağa çalışıram. Karantin elan olunandan idman zalım bağlıdır. Heç bir müştəri qəbul etmirəm. Yalnız özüm formadan düşməmək üçün bura gəlib məşq edirəm. Yəni, karantinin tələblərini pozmuram. Məndə evdə də idman etmək üçün paralel qollar var. Onlarla da məşq edirəm. Jurnalistlər zəng vurur, müsahibələr verirəm. Bacımın övladları ilə oynayıram. İngilis dilini öyrənməyə başlamışam".

İkiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçımız Şəhriyar Məmmədyarov qaydalara riayyət etməyin vacibliyini vurğuladı: "Dünya bu gün çətin günlərini yaşayırsa , bizlər güclü olub bu virusa qalib gələ bilərik. Bugünkü gündə həkimlərimiz və bu işdə virusa qalib gələ biləcək insanlar əllərindən gələn hər şeyi edirlər ki, hamımız üçün yaxşı olsun. Biz insanlar isə gərək onlara dəstək olaq və evimizdə qalaq! Virusun böyüməsinə kiçik də olsa, şərait yaratmalı deyilik. Evimizdə oturub ailəmizlə vaxt keçirək və sevimli məşğuliyyətimizlə məşğul olub daha da inkişaf edək. Güc birlikdədir!"

İkiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, 2015-ci il Birinci Avropa Oyunlarının qalibi, Azərbaycanın Əməkdar idman ustası, 7-ci dan sahibi, Əməkdar məşqçi, "Şöhrət" və "Tərəqqi" medalçısı İlham Zəkiyev isə virusdan qorunmaq üçün bütün vətəndaşlara səfərbər olmağı söylədi: "Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Pandemiya xəstəliyin çox ciddi olmasından xəbər verir. Bu virusa qalib gəlmək üçün biz həmrəy olmalıyıq. Çalışmalıyıq ki, səhlənkar olmayaq, lüzumsuz yerə evdən çölə çıxmayaq. Ailənizi və özünüzü fikirləşin. Xüsusi karantin qaydalarına riayət edin. Allah xalqımızı, millətimizi qorusun, tezliklə bizi bu bəladan xilas etsin".

Karate üzrə milli yığma komandamızın üzvü, dünya çempionatının gümüş mükafatçısı və üç qat Avropa çempionu, dünya kubokunun sahibi, üç qat Azərbaycan çempionu, İslam Həmrəylik Oyunlarının qalibi Asiman Qurbanlı karantin qaydalarına tam əməl etdiyini vurğuladı: "Mən eyni zamanda evdə qalaraq hansı idman hərəkətləri etmək lazım olduğu haqda videomaterial da hazırladım. Bununla bağlı ADBTİA-nın (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) yenicə start vermiş "İdman GündəliyimİZ" adlı onlayn idman dərsləri layihəsinin iştirakçısı oldum. Evdə qaldığımız müddətdə boş qalmamağı, idmanla məşğul olmağı tövsiyə edirəm".

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir neçə onlayn layihələr həyata keçirilir. Layihə çərçivəsində gənclərin karantin günlərindəki zamanını səmərəli keçirmələri üçün maarifləndirmə, fərdi inkişaf, əyləncə, fiziki inkişaf, informasiya və s. istiqamətlərə üstünlük verilir.

Əsas mövzular