06:48 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
62010

Yapon karateçi Ken Nişimura Azərbaycana səfəri ilə bağlı təəssüratlarını və Tokioda keçiriləcək Olimpiya Oyunlarında Rafael Ağayevə dair planlarını Sputnik Azərbaycan-a açıqlayıb.

 

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Yapon karateçi Ken Nişimura Tokio Olimpiya Oyunlarının finalında Azərbaycandan olan dünya səviyyəli karate ustası Rafael Ağayevlə görüşə ümid edir. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Nişimura özü deyib.

Yaponiya karate üzrə yığma komandasının liderlərindən biri Bakıda üç günlük təlim-məşq toplanışı keçirib və burada Azərbaycanın karate yığmasının üzvləri ilə məşq edib, özünün məşq metodlarını bölüşüb və Azərbaycan komandasının liderlərindən bəzi bilikləri əxz edib.

Dünya reytinqində üçüncü yerdə qərarlaşan Ken Nişimura ölkəmizi ilk dəfə ziyarət edib.

"Mən ilk dəfədir Azərbaycana gəlmişəm və burada gördüklərimlə bağlı çoxlu təəssüratlarım yaranıb. Bakı çox müasir, gözəl şəhərdir və bura mənim üçün çox rahatdır", - Nişimura deyib.

Yapon karateçi nə üçün məşqlərini məhz azərbaycanlı karateçilərlə Bakıda keçirmək qərarına gəldiyini də izah edib.

"Azərbaycan karate məktəbinin şöhrəti çoxdandır ölkənizdən kənarda məlumdur. Sizdə xeyli dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları var. Azərbaycan karateçiləri əla texnikaya malikdirlər. Bundan əlavə, Rafael Ağayev bütün dünyada məşhurdur. Ona çox hörmət edirəm və çox şey öyrənmək üçün onunla birgə məşq etmək istərdim", - deyə karateçi bildirib.

© AFP 2020 / JAVIER SORIANO
Rafael Ağayev və Ken Nişimura Madriddə karate üzrə Dünya çempionatında

Yeri gəlmişkən, keçən il Ken Nişimura Paris və Tokioda keçirilən Premyer Liqanın final oyunlarında iki dəfə Rafael Ağayevi məğlub edib.

"O, dünyanın aparıcı karateçilərindən biridir və çox güclü ruha malikdir. Onunla yarışlarda mübarizə aparanların hamısı çətinlik çəkir. Mən də onunla döyüşlərdə çətin vəziyyətlərə düşmüşəm. Ötən il onu iki dəfə məğlub edə bilsəm də, özümü Rafael üçün narahat rəqib hesab etmirəm. Bu qələbələr hələ heç nə demək deyil", - deyə Nişimura etiraf edib.

"Gündoğan ölkə"dən olan qonaq, Tokiodakı Olimpiya Oyunlarının finalında Rafael Ağayevlə görüşəcəyinə ümid etdiyini bildirib və bu görüşün mümkün nəticələrindən də danışıb.

"Əlbəttə, Olimpiadada çıxış etmək mənim üçün asan olmayacaq, çünki bu, evimdə keçiriləcək və hamı məndən qələbə gözləyəcək. Ümid edirəm ki, Rafael Ağayev və mən Tokioda keçiriləcək Olimpiya Oyunlarının finalına yüksələcəyik. Finalda kim qalib gələcək? Düşünürəm ki, mən", - deyə karateçi gülərək bildirib.

Yeri gəlmişkən, Bakıda olduğu müddətdə yaponiyalı karateçi təkcə Azərbaycan təlim metodikasını mənimsəməyib, həm də özünü milli rəqslərdə də sınayıb.

"Bir axşam məşqçimiz və Azərbaycan yığmasından olan uşaqlarla birlikdə vaxtımızı əyləncəli keçirdik. Mənə Azərbaycan rəqslərini öyrətməyə çalışdılar (gülür). Onları çox bəyəndim", - deyə Nişimura bildirib.

Rafael Ağayev və ətrafı yapon qonağa milli rəqslərimizlə yanaşı, Azərbaycan dilində bir neçə söz də öyrətməyə çalışıblar və bu məsələdə bəzi uğurlara imza atıblar.

"Mən iki Azərbaycan sözü öyrənmişəm - "Çox sağol" və "Salam". Çox maraqlı dildir", - deyə Nişimura gülərək əlavə edib.

Əsas mövzular