Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 8 aprel — Sputnik. Uzun müddətdən sonra Azərbaycanda qadınlardan ibarət futbol üzrə milli komanda yenidən yaradılıb. Milli komandanın baş məşqçi postuna isə Siyasət Əsgərov təyin edilib. Baş məşqçi Sputnik Azəbaycan-a müsahibəsində gələcək planları haqqında danışıb.
- Yenidən qadınlardan ibarət milli komanda yarandı. Bu dəfə qızların komandaya cəlb edilməsində probleminiz varmı?
- Əlbəttə ki, var. Hələ də valideynlər qızlarının idmanla məşğul olmasına yaxşı baxmırlar. Biz valideynlərlə danışıqlar aparırıq. Qızların idmana cəlb edilməsi üçün işlər görürük. Məktəblərə tez-tez gedirik. Orada çox istedadlı qızlar olur. İstəyirik ki, futbola cəlb edək. Amma valideynlər imkan vermirlər, qızların futbolla məşğul olmasını istəmirlər. Xüsusilə regionlarda yaşayan valideynlər övladlarını futboldan uzaq tuturlar. Hansı valideynləri razı salırıqsa, futbola cəlb edirik, valideynləri razı sala bilməyəndə isə istedadlı bir uşağı itiririk. Çalışırıq, balaca uşaqları cəlb edək ki, gələcəkdə milli komanda ancaq öz idmançılarımızdan ibarət olsun.
- Bir neçə il öncə milli komandanın qızlarının bəzilərinin homoseksual olduqları xəbəri yayılmışdı. Belə xəbərlər valideynlərin fikirlərinə təsir edə bilərmi?
- Ola bilər. Hər valideyn üçün övladının gələcəyi önəmlidir. Amma komandada olan elə neqativ hallar keçmişdə qaldı. Biz yeni ruhlu yeni komanda yaradırıq. Asan əldə edilən uğur yadda qalmır. Çətinliklərimiz çoxdur, amma inanırıq ki, yaddaqalan işlər görəcəyik.
- Hansı regiondan daha çox qız futbola cəlb olunur?
- Zaqataladan olan qızlar bu sahədə daha çoxdur. Amma Lənkərandan, Qaxdan, Bakının özündən və digər yerlərdən qızlarımız da çoxdur. Hətta xarici ölkələrə legioner göndərdiyimiz qız futbolçularımız da az deyil. Sevinc Cəfərzadə, Mane Mollayevanı misal göstərə bilərəm. Onlar bu gün də Rusiyada legioner həyatı yaşayırlar. Biz özümüz də regionlarda daha çox təbliğat işləri aparırıq. Çünki region qızları fiziki olaraq şəhər qızlarından güclü olur. Bu da idman üçün əsas amillərdən biridir.
- Hazırda millidə məşq edən qızların oyunundan razısınız?
- Komanda olaraq məşqlərə yeni başlamışıq. Bu gün deyə bilmərəm ki, tam razıyam. Bu, doğru olmaz. Amma çalışırıq. Onu deyə bilərəm ki, qısa müddət üçün çox işlər görmüşük. Qızlar özləri də çox həvəslidirlər. Məşqlərdən, qarşılaşmalardan qorxmurlar. Bu gün bir məqsədimiz var: qızlarımızı maksimum qədər xarici klublara transfer edib, onların təcrübə yığmasına kömək etmək. Rusiya, Qazaxıstan və bu kimi MDB ölkələrində oynayan oyunçularımızı isə Avropa klublarına transfer etmək istəyirik. Məqsəd daha təcrübəli futbolçulara sahib olmaqdır. Rumıniya, Latviya və Litva kimi ölkələrin klublarına transfer yollamalıyıq. Onların təcrübəsi çoxdur. Həmin transferlərimiz milli yığmanın məşqinə gələndə də burada artıq onların təcrübələrindən istifadə edək.