Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Azərbaycanın ev sahibliyi etdiyi olimpiada indiyə qədərki yarışların ən yaxşısıdır"

© Photo : APAZurab Azmayparaşvili
Zurab Azmayparaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
Zurab Azmayparaşvili: "Fəxr edirəm ki, Bakıda belə bir olimpiada keçirilir"

BAKI, 6 sen — Sputnik. 42-ci Ümumdünya Şahmat Olimpiadasını canlı izləyən Avropa Şahmat İttifaqının prezidenti, milli komandamızın keçmiş kapitanı Zurab Azmayparaşvili jurnalistlər üçün brifinq keçirib. Sputnik Zurab Azmayparaşvilinin müsahibəsini təqdim edir:

- 42-ci Ümumdünya Şahmat Olimpiadasında artıq 3 tur geridə qalıb. Turnirin təşkilatçılığını necə dəyərləndirirsiniz?

— Bu, iştirak etdiyim sayca 13-cü şahmat olimpiadasıdır. Fərqli statuslarda — oyunçu, FİDE-nin vitse-prezidenti, Gürcüstan Şahmat Federasiyasının rəsmisi kimi olimpiadalarda iştirak etmişəm. Avropa Şahmat İttifaqının prezidenti kimi isə ilk dəfədir ki, olimpiadaya qatılıram. Çox şadam ki, bu yarış Bakıda, bizə doğma olan məkanda keçirilir. Bizim ölkələrimiz arasında çox sıx əlaqələr mövcuddur. Təkcə qonşuluqdan söhbət getmir. Mənim Azərbaycanla bağlı xoş xatirələrim var. Komandanın kapitanı olduğum vaxt Azərbaycan millisi 2009-cu ildə ilk dəfə Avropa çempionu oldu. Təəssüf ki, eyni uğuru dünya çempionatında təkrarlaya bilmədik.

Azərbaycanda şahmata olan diqqət məni daim heyran edib. Məhz dövlət dəstəyi sayəsində Azərbaycan şahmatı hazırda bu səviyyəyə çatıb. Olimpiadaya ev sahibliyi etmək asan deyil. Ümumi götürsək, şahmat olimpiadası nüfuzuna görə üçüncü vacib idman hadisəsi hesab olunur.

Təşkilatçılıq barədə ancaq müsbət fikirlər səsləndirmək olar. Əmin idim ki, Bakı Şahmat Olimpiadası tarixə düşəcək. Azərbaycanın ev sahibliyi etdiyi olimpiada bu günə qədər baş tutan yarışlar arasında ən yaxşılardan biri yox, ən yaxşısıdır. Burada gördüklərim gözlədiklərimdən də çox oldu.

Bildiyiniz kimi, növbəti olimpiada Gürcüstanda olacaq. Azərbaycanın təcrübəsindən yararlanmaq üçün bura komanda göndərmişdim. Onlar da gördüklərindən heyran olublar. Hətta Azərbaycandakı olimpiadadan sonra belə yüksək səviyyəli yarış keçirməyin mümkünsüzlüyünü qeyd edirlər. Azərbaycanın yüksək təşkilatçılığı mənim üçün başağrısı olacaq. Lakin bu, xoş haldır. Fəxr edirəm ki, Bakıda belə bir olimpiada keçirilir.

- İlk 3 tur ərzində hansı nəticə sizin üçün sürpriz olub?

— Hələ ki yalnız Gürcüstan millisi məni təəccübləndirib. Qadınlardan ibarət yığmamız ikinci turda gözlənilmədən Filippinə uduzdu. Olimpiada uzun marafondur. Hələ 8 tur var və bir çox maraqlı nəticələr qeydə alına bilər.

- Azərbaycan şahmatçılarının çıxışını necə dəyərləndirə bilərsiniz?

— Azərbaycanda əsas diqqət kişilərdən ibarət əsas yığmaya yönəldilib. Komandanın çıxışı hələ ki yaxşıdır. Dünən Macarıstanla görüşdə xal itirmək ehtimalı var idi. Amma sona qədər mübarizə aparıb 3:1 hesablı qələbə qazandılar.

- Sizin vaxtınızdakı Azərbaycan millisi ilə indiki komandanı müqayisə etmək olar?

— Həmin vaxt komanda gənc idi. Hazırda şahmatçılar xeyli təcrübə toplayıblar. Qələbənin sevincini, məğlubiyyətin acısını bilirlər. Komandada hazırda motivasiya yüksəkdir. Doğma divarlar arasında Azərbaycan yığması maksimum nəticə göstərməyə çalışır.

- Olimpiadadan öncə Azərbaycan və Gürcüstan yığmalarının birgə toplanışı oldu. Bu barədə də fikirləriniz maraqlıdır.

— Qəbələdə əla şəraitdə çox yaxşı hazırlıq alındı. Yoldaşlıq görüşləri Azərbaycan yığmasının qələbəsi ilə tamamlandı. Amma mən 57:43 hesabını gözləmirdim. Düşünürdüm ki, Azərbaycan millisi daha böyük hesablı qələbə qazanacaq. Görünür, Teymur Rəcəbovun hazırlıqda tam iştirak etməməsi nəticəyə təsirini göstərib.

Xəbər lenti
0