09:08 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2601

Dövlət başçısı qeyd edib ki, Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə çevrilib.

BAKI, 1 sen — Sputnik. 42-ci Şahmat Olimpiadası ölkəmiz üçün çox əhəmiyyətli beynəlxalq tədbirdir. Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir.

Sputnik-in xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə deyib. 

Dövlət başçısı qeyd edib ki, Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə çevrilib: “Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları keçirilir və çox uğurla keçirilir. Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycana gələn qonaqların demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqlar”.

Prezident qeyd edib ki, beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir: “Ötən il birinci Avropa Oyunları çox böyük uğurla keçirilmişdi. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilib. Bu il “Formula-1” yarışı keçirilmişdir ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu gün Şahmat Olimpiadası başlayır. Mənə verilən məlumata görə, 175 ölkənin nümayəndələri Olimpiadada iştirak edəcəklər və bu, rekord göstəricidir”.

“Azərbaycan da bu Olimpiadada 3 kişi, 3 qadın komanda ilə təmsil olunacaq. Mən sizə uğurlar arzulayıram. Siz müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirsiniz, yaxşı nəticələr göstərirsiniz. Bizim kişilərdən ibarət komandamız iki dəfə Avropa çempionu olub. Digər beynəlxalq yarışlarda yüksək yerlərə layiq görülüblər. Bizim aparıcı şahmatçılarımız həmişə yüksək reytinqlərlə bütün tanınmış şahmatçılar arasında yer tuturlar. Yəni, bizim ümidlərimiz var ki, bu yarışda da siz doğma Vətəndə ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz”, — deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı qeyd edib ki, həm idman yarışlarında, bütün başqa sahələrdə müstəqillik dövrü — ən uğurlu dövrdür: “Nəyə görə? Çünki xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla idarə edirik. Azərbaycan vətəndaşları müstəqilliyin bəhrəsini görürlər. İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız məhz müstəqillik dövrünə təsadüf edir.

Bu yaxınlarda Rioda Yay Olimpiya Oyunlarında bizim idmançılarımız rekord nəticə göstəriblər. Medalların sayına görə dünya miqyasında 14-15-ci yerləri bölüşürlər. Şahmatçılarımız da böyük zirvələrə çatıblar. Əminəm ki, gələcəkdə də siz həmişə bizi sevindirəcəksiniz”.

“Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük əksəriyyəti ya bağlanmışdı, ya sıradan çıxmışdı, ya da ki hərracda satılmışdı. Onların yerində dükanlar, restoranlar açıldı. Çox təəssüfedici haldır. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycana qayıdandan sonra şahmata diqqət yenə də lazımi səviyyəyə qalxdı”, deyə dövlət başçısı qeyd edib.  

Əsas mövzular