CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərsinə fenomen: iki məktəb niyə hər kəsi məyus edib?

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Bakıda iki məktəbin heç bir məzunu ali məktəbə qəbul ola bilməyib. Sputnik Azərbaycan bunun səbəbini araşdırıb.

BAKI, 24 iyun — Sputnik. Bakıda iki orta ümumtəhsil müəssisəsindən ötən tədris ilində ali məktəbə bir məzun belə qəbul ola bilməyib. Dövlət İmtahan Mərkəzinin yaydığı xəbərə görə, bunlar 185 saylı və 105 saylı tam orta məktəblərdir. Bu məlumat sosial platformadakı təhsil qruplarında da geniş müzakirəyə və tənqidə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin məktəblərin rəhbərliyini və pedaqoji heyətini yaxşı təhsil verməməkdə günahlandıraraq tənqid ediblər.

Sputnik Azərbaycan ötən il ali məktəbə bir məzunu belə qəbul ola bilməyən məktəblərlə əlaqə saxlayaraq bunun səbəbini araşdırıb.

Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 185 saylı orta məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbin direktoru Esmira Rzaquliyeva məzuniyyətdə olduğundan bu suala cavab verə bilmir. Amma özünü məktəbin müəllimi kimi təqdim edən şəxs ötən il məzunların heç birinin ali məktəbə qəbul ola bilməməsinin səbəbini şagird sayının az olması ilə izah etdi. O bildirdi ki, əvvəlki illərdə məktəbin ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək bal toplayaraq fərqlənən məzunları olub. Amma son illər məzun sayı azaldığından, ali məktəblərə qəbulla bağlı bu cür mənzərə yaranıb.

Ələtin Şıxlar massivində yerləşən 105 saylı məktəbin direktor əvəzi Mənsim Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il məktəbin 11 məzunu olub. Onlardan üç nəfəri ali məktəbə sənəd verib. Bir məzun ödənişli universitetə qəbul olduğundan oxumaqdan imtina edib:

"Yerdə qalan yaxşı oxuyan şagirdlərimiz isə 9-cu sinifdən kolleclərə qəbul olublar. Amma əvvəlki illərdə ali məktəblərə qəbul olan şagirdlərimiz olub. Bu il 12 məzunumuz var. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib. Bizim məktəbin 2016-cı ildən bu tərəfə 105 bal toplayan məzunları olub. Bu rəqəm artmaqda davam edir. Fənn olimpiadalarında bizim dörd şagirdimiz yarımfinala çıxıb. Ümumilikdə məktəbdə məzun sayı azdır. Məzun sinifləri tək-təkdir. Növbəti ildən paralel siniflərdə məzun sayı artacaq. Ümid edirik ki, ali məktəbə qəbul olan məzunlarımız olacaq. Məktəbdə dərs deyən eyni müəllimlərdir. Buna görə birmənalı olaraq məktəbi günahkar çıxartmaq düzgün deyil", - deyə M.Hacıyev bildirib.

Qeyd edək ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul ola bilməmişdi.

Eləcə də oxuyun:

  • Təhsil Nazirliyi "Məzun günü" ilə bağlı qərar verib

  • "Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

  • Yüksək bal toplayan abituriyentlərlə bağlı statistik göstəricilər açıqlanıb

Xəbər lenti
0