BAKI, 23 iyun — Sputnik. Keçən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6 538 abituriyent 500-dən, o cümlədən 17 39 abituriyent 600-dən yuxarı bal toplayıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 600 və ondan yuxarı bal toplayanların 35,19%-i (612 nəfəri) I qrupun, 12,42%-i (216 nəfəri) II qrupun, 31,91%-i (555 nəfəri) III qrupun, 20,47%-i (356 nəfəri) IV qrupun abituriyentləridir.
Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Naxçıvan, Mingəçevir və Bakı şəhərləri, Şahbuz, Qubadlı və Qəbələ rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–15-i imtahanlarda 500-dən yuxarı bal toplayıb.
500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
Keçən il ölkənin 32 21 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 24,59%-nin təmsilçiləridir. Sayı 792 olan bu məktəblərin 77-si (9,72%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 24,42%-i onların məzunlarıdır. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Quba rayonu I Nügədi kənd 1 saylı tam orta məktəbi, Qubadlı rayonu Qaralar kənd, Gədəbəy rayonu Çalburun kənd və Qəbələ rayonu Nohurqışlaq kənd orta məktəblərini göstərmək olar.
600-dən yuxarı bal toplayan abituriyentlər dövlət ali təhsil müəssisələri arasında ən çox Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. 600 baldan yuxarı nəticə göstərən abituriyentlər özəl ali təhsil müəssisələri arasında ən çox Xəzər Universitetini (14 nəfər) seçiblər.
600 və ondan yuxarı bal toplayıb qəbul olanların 34,95%-i (599 nəfəri) I qrupun, 12,37%-i (212 nəfəri) II qrupun, 32,26%-i (553 nəfəri) III qrupun, 20,42%-i (350 nəfəri) IV qrupun abituriyentləridir.