09:03 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
54410

Qədim yunan filosofu Sokrat deyirdi ki, "mən bilirəm ki, heç nə bilmirəm". Pandemiya dövründə məktəbdən ayrı düşən uşaqlarımız isə hazırda Sokratın opponenti kimi "heç nə bilmədiklərin bilmirlər". Problem necə çözüləcək?

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Koronavirus dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi. Və biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi.

"Virtual məktəb", teledərslərlə vəziyyətdən çxımağa çalışdıq. Amma bacara bildikmi? Koronavirus pandemiyası fonunda təhsil sistemi nə kimi zərərlər aldı? Pandemiya təhsil sahəsində bizə nə öyrətdi?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun fikrincə, artıq onlayn - məsafədən təhsil dövrü başlayıb: "2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma pandemiya ilə bağlı dərslər təxirə salındıqdan sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir. Pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant – məsafədən onlayn təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq".

Ekspert hesab edir ki, pandemiyadan sonra da onlayn təhsil davam edəcək. Çünki bu, təhsilin əlçatan olması üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcəklər və dərsin davamlılığı pozulmayacaq.

Onlayn dərslərin davam etməsi, distant təhsil təhsil xərclərini də azaldacaq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirmələrinə imkan verəcək.

"Nəzərə alsaq ki, təhsil verənlər üçün təhsil alanlara lazımi bilik və bacarıqları çatdırmaq üçün onlayn sistemdə böyük yerlər lazım deyil, lazımı avadanlıqlar qurulmuş balaca otaqlar belə yetərlidir, bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq", - deyən ekspert qeyd edir ki, pandemiyadan sonra hətta qəbul imtahanlarının, elektron ərizə qəbulunun onlayn olması mümkündür. Belə ki, müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə biləcəklər.

K.Əsədovun fikrincə, dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb: "Ümumilikdə bizi yeni bir dövr gözləyir. Bu həm təhsil sistemi, həm insanlar arası münasibətlər, həm də dövlətin idarə edilməsi ilə bağlı olan yeniliklərdir. Pandemiya ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı. Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq, üçüncüsü - çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq".

Onlayn təhsilin əsas düşmənləri üzə çıxdı - İki struktur>>

Ekspert hesab edir ki, ilk növbədə distant təhsilin qanunvericilik bazası hazırlanmalı və qəbul edilməlidir. Bundan sonra hər kəs üçün distant – onlayn təhsilin əlçatanlılığının təmin edilməsi üçün resurslar təmin olunmalıdır.

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, koronavirus pandemiyası bütün sahələrə olduğu kimi, təhsil sisteminə və təhsilin bütün pillələrinə öz zərərini vurdu. Bu zərərin qarşısını almaq üçün nazirlikdə və digər qurumlarda müxtəlif tədbirlər görülsə də, prosesə heç bir qurum hazır olmadığı üçün vəziyyət ürəkaçan olmadı:

"Bu prosesə valideyn və şagirdlər də adaptasiya ola bilmədilər. Məktəbəqədər təhsildən isə söhbət belə gedə bilməz. Sadəcə özəl təhsil müəssisələrində onlayn dərslər keçməyə çalışdılar. Bu da akademik məsələlərlə bağlı təlimlər idi. Uşaqların interaktivliyi, fiziki motor hərəkətlərinin inkişafı onlayn təlim, onlayn təhsildə mümkünsüz idi. Belə də oldu və məktəbəqədər təhsil səviyyəsi dayandı. Burada zərər 80-90 faiz oldu".

Ekspertin fikrincə, ümumtəhsil məktəblərində isə aşağıdan yuxarı doğru təhsil alanlar zərər gördülər: "İbtidai təhsil səviyyəsidən "virtual məktəb" və teledərslərlə bunun qarşısını almağa çalışdılar. Ancaq valideynlərin səhlənkarlığı, şagirdlərin motivasiyasız olması, bəzi bölgələrdə internetin olmaması və ya zəif olması bəzi qrup şəxslərə dövlətin təqdim etdiyi imkanlardan istifadə etməyə mane oldu. Ancaq hamı istifadə edə bilsəydi belə, bu, məktəbi əvəz edə bilməzdi. Əslində virtual məktəbin, teledərslərin normal-ənənəvi məktəbi əvəz etdiyini də heç kim iddia etmir. Bunlar sadəcə zərəri azaltmaq üçün vasitələr idi. Ölkə ərazisində telekommunikasiyanın zəif olması bu sahədə inkişafın olmasına mane oldu".

Qoşqar Məhərrəmov deyir ki, abituriyentlər repetitor fəaliyyəti dayandığına görə hazırlıq prosesindən geri qaldılar. Bu da imtahan nəticələrində, təbii ki, özünü göstərəcək. İmtahan nəticələrinin aşağı olması gözlənilir.

Ali təhsil səviyyəsinə gəldikdə isə, ekspert bildirir ki, bəzi ali təhsil ocaqları "Zoom" proqramı vasitəsilə onlayn dərslər keçdi: "Özünün distant təhsil platformasını quran təhsil ocaqları da var idi. Bu məktəblər bu prosesdən üzüağ çıxa bildi. Əlbəttə, bütün tələbələr bu onlayn dərslərdə iştirak edə bilmədilər. Tələbələrin onlayn dərslərdə iştirak edə bilməməsi ali məktəblərin də günahı deyil. Hamını onlayn dərslərə cəlb etmək də mümkünsüzdür. Çünki bəzi tələbələrin evlərində internet yoxdur. Hər bir halda onlayn platformalardan istifadə edib təhsil alanlar və istifadə edə bilməyib təhsil ala bilməyənləri qruplaşdırsaq, edə bilənlər daha öndədir. Onlayn təhsildən istifadə edə bilənlər, onlayn təhsil ənənəvi təhsilin yerini vermədiyi üçün yenə də geridədirlər".

Q.Məhərrəmov pandemiyanın təhsil sisteminə vurduğu zərərin böyük olduğunu deyir. O hesab edir ki, gələn il normal təhsil sisteminə qayıtdıqdan sonra bu il dəyən zərərlər ödəniləcək.

Yeri gəlmişkən, qeyd edək ki, Dünya Bankının məlumatına görə, COVİD-19 pandemiyasına qədər, konkret desək, 2019-cu ildə dünyada elektron təhsil texnologiyalarına, onlayn təhsil platformalarının yaradılmasına 18,66 milyard dollar investisiya yatırılmışdırsa, 2025-ci ildə bu göstəricinin 350 milyard dollara çatacağı planlaşdırılır.

2020-ci ilin fevral ayında dünyada "Zoom" istifadəçilərin sayı 2,2 milyon nəfər artıb, mart ayında gün ərzində 2,13 milyon dəfə yüklənmə olub. 2020-ci ilin dekabrında istifadəçilərin sayı 10 milyon nəfər, 2020-ci ilin mart ayında 200 milyon nəfər olub və şirkətin dövriyyəsi 42 milyarda dollara çatıb.

Bütün bunlar yaxın gələcəkdə təhsildə yeni çağırışların olacağından xəbər verir. Biz isə təəssüf ki, bundan geri qalırıq.

Əlaqədar

Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF
Real olmasa da, məktəb: Şagirdlər hər gün dərsə necə "gedirlər"
Oxuyun, bilin: İmtahanlardan çıxarılan mövzular açıqlandı
Buraxılış imtahanlarında tapşırıqların strukturu və balları hesablama qaydası açıqlandı
Tələbələrin təhsil haqqı ilə bağlı açıqlama - Gələn həftədən...

Əsas mövzular