23:22 20 May 2018
Canlı yayım
Uşaq müayinə vaxtı

Cəmiyyətdə narahatlıq var, rəsmi qurum isə iddiaları təkzib edir

© Sputnik / Aleksey Danichev
ELM
Qısa URL
435 0 0

Ümumtəhsil müəssisələrinin hamısında tibb otağı varmı?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Əvvəllər bütün orta ümumtəhsil müəssisələrində tibb kabinetləri var idi. Həmin kabinetlərdə məktəblilərin sağlamlığına nəzarət edilir, vaksinasiya aparılır, məktəblərdə baş verən ani qəzalar zamanı ilk tibbi yardım göstərilirdi.

Ancaq indi, demək olar ki, bir çox məktəblərdə bu kabinetlər və vakansiyalar yoxa çıxıb. Bu problem Sputnik Azərbaycan-ın redaksiyasına daxil olan məlumatlarda da əksini tapır. Vətəndaşlar övladlarının səhhətindən dolayı bu durumdan narahatlıq ifadə edirlər.

Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edir. Nazirlik isə bu iddiaları təkzib və bəyan edir ki, məktəblərdə tibb kabineti və vakansiyalar ləğv edilməyib…

Sputnik Azərbaycan-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirir ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmət göstərilir: "2011-ci ildə qəbul edilmiş orta məktəblərin nümunəvi nizamnaməsinə əsasən, hər bir məktəbdə təhsil alan şagirdlərə çevik, operativ müdaxilə etmək üçün tibb xidməti, tibb otaqları olmalıdır. Lakin reallıq odur ki, bütün təhsil müəssisələrində tibb məntəqəsi olmur".

Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrinin orta məktəblərində tam şəkildə təchiz olunmuş tibbi xidmət göstərilir və azı iki nəfər ali təhsilli və ixtisaslaşmış həkim çalışır: "Onlar davamlı olaraq hər həftə ərzində şagirdlərin müayinəsini həyata keçirir və müayinələrin nəticələrini tövsiyələrlə birgə valideynlərə çatdırırlar".

Əsədov qeyd edir ki, Avropa və Amerikanın orta məktəblərində tibbi xidməti yerinə yetirən şəxslər, çalışan tibbi heyət mütəmadi olaraq məktəbdə gigiyenik standartlara riayət edilməsini də yoxlayır: "Həmçinin yeməklərin doyumlu və balanslaşdırılmış olmasını təmin etmək üçün menyu barədə yeməkxana ilə bərabər işləyirlər".

"Həkimlər şagirdlərə sağlam qidalanma, dişlərə qayğı və düzgün qamət kimi mövzularda spesifik sağlamlıq təlimləri keçirlər. Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 4500-dən çox orta ümumtəhsil məktəbində bu kimi müsbət hallara rast gəlmək, demək olar ki, mümkün deyil", — deyə təhsil eksperti əlavə edir.

Sputnik Azərbaycan-ın məsələ ilə bağlı sorğusuna Təhsil Nazirliyindən verilən cavabda isə qeyd olunur ki, məktəblərdə tibb otaqlarının və vakansiyaların ləğv edilməsi fikri həqiqəti əks etdirmir. Yəni məktəblərdə vəziyyət heç də qeyd edildiyi kimi deyil.

Məlum məsələyə münasibət bildirən tibb eksperti Adil Qeybulla deyir ki, bəzi məktəblərdə tibb otaqları qənaət məqsədilə ləğv edilib. Ekspert, həmçinin hesab edir ki, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı xeyli boşluqlar var.

Ekspertin fikrincə, uşaqların sağlamlıq problemləri genofondun əsas bazasını təşkil etməlidir: "Bütün dünyada uşaqlara qayğı çox ciddidir. Orta məktəblərdə uşaqların qidalanması, təhsili, həkim nəzarəti və digər məsələlər çox vacibdir. Uşaqlar bəzən ev şəraitində qüsurlu tərbiyə ala bilərlər. Amma məktəb onların həyatında çox önəmli rol oynayır".

"Təəssüflər olsun ki, orta məktəblər əvvəlki simasını xeyli itirib. Həm məktəblərin maddi-texniki bazasında, müəllimlərin münasibətində, dərsə münasibətdə xeyli problemlər var. Yuxarı siniflərin uşaqlarının çoxu bəzən heç məktəbə getmir, əlavə müəllim yanında hazırlaşırlar. Təhsildə müəyyən rüşvət elementləri də var" — Qeybulla iddia edir.

O, bütün məktəblərdə tibb otaqlarının olmalısını vacib sayır: "Vaksinasiyanın yoxlanılması, uşaqların səhhətinə nəzarət olmalıdır. Hər bir uşağın tibbi kartı olur və bu kartda onun bütün peyvəndləri, doğulandan olduğu yaşa kimi olan vəziyyətləri, keçirdiyi xəstəliklər, irsi xəstəliklər, anomaliyalar və s. hər şey orda əks olunmalıdır. Bu, digər tərəfdən də, hər bir uşaqda olan xəstəliyin erkən aşkarlanması üçün vacibdir".

Əlaqədar

Ölkəmizin 40 ali təhsil müəssisəsi nüfuzlu elmi platformaya çıxış əldə edib
Təhsil sistemimizdə böyük qalmaqal: "Müəllimlərin əmək haqqı kəsilməlidir"
Hesablama Palatası təhsil müəssisələrində nöqsanlar aşkarladı
Ermənilər 700-ə qədər təhsil müəssisəmizi dağıdıblar
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul yerlərinin sayı açıqlanıb
Teqlər:
vaksinasiya, tibb kabinetləri, orta ümumtəhsil müəssisələri, tibbi xidmət, ölkə, Sputnik Azərbaycan, Kamran Əsədov, sağlamlıq, məktəbli, problem, Adil Qeybulla, vətəndaş, həkim, məktəb, Təhsil Nazirliyi, ekspert, tibbi yardım, Azərbaycan, qanun, uşaq

Əsas mövzular