23:44 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
89 0 0

O, hər zaman övladlarına, tələbələrinə və yoldaşlarına bir şeyi yüksək formada anlatmağa çalışır: Layiqli və ləyaqətli vətəndaş olmağı

Yusif Alıyev, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Təsəvvüf nurunun çıraqlarından biri, islam dünyasının məşhur sufilərindən olan Həllac Mənsur hələ IX yüzillikdə deyirdi ki, bir şeyi dərk etmək – sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən MÜTLƏQİ görməkdir. Mütləq isə heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə edir.

Mütləqiyyətin şəriksiz sahibi Tanrıdır. Tanrı yaratdıqları varlıqlara da bu əsrarəngiz xüsusiyyətlər bəxş edib. Yaradan yer üzünün əşrəfi olan insana isə daha çox mütləqiyyət sahibliyi verib. İnsanlar dünyaya fərd kimi gələrək, şəxsiyyət kimi formalaşıb kamillik məqamına ucalırlar. Bu yola isə müdrik, kamil insan yolu deyilərək, digərlərinə nümunə kimi göstərilir.

Ömrünü, illərini elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş kamil insanlardan biri də həyatının ən gözəl çağında 60 illiyini qarşılayan hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyevadır.

10 noyabr 1957-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində, Dəyirman kişinin ailəsində dünyaya göz açan körpə Məhəbbətə Tanrı hər türlü ailə xoşbəxtliyi vermişdi. Atası kənddə və rayonda sayılıb-seçilən, nüfuz sahibi olan kişilərdən biri idi.

Bu xoşbəxtliklər içində böyüyən Məhəbbət xanım, 1964-1974-cü illərdə Daş Salahlı kəndində 1 №-li orta məktəbdə təhsil alır. Orta məktəbdə çalışqanlığı və gözüaçıqlığı ilə seçilən Məhəbbət xanım, məktəbi bitirdikdən sonra, atasının arzusu və özünün istəyi ilə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olur.

1976-1981-ci illərdə Universitetdə təhsil alan Məhəbbət xanım Universiteti bitirdikdən sonra təyinatla Türkmənistan SSR Nebet-Daq şəhərinə göndərilir. 1981-ci ildən 1987-ci ilədək gənc mütəxəssis kimi bu şəhərdə çalışır.

Məhəbbət xanımın hüquq elminə olan marağı onu bu sahədə tədqiqatlar aparmağa sövq edir və o, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində çalışmağa başlayır. Uzun illər ərzində elmin sirlərinə yiyələnmək üçün o, çoxlu araşdırmalar aparır. Onun elmi işlərinin bir hissəsi ölkədən kənarda yerinə yetirilib.

O, 1996-cı ildə Tbilisi Dövlət Universitetində "Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alır. Bundan sonra da elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən Məhəbbət xanım ictimai-sosial fəaliyyətlə də ciddi məşğul olur.

Əsas elmi tədqiqat sahəsi ailə hüququ məsələləri olduğundan onu cəmiyyətdə hər kəs daha yaxşı tanıyardı. O, mütəmadi olaraq mətbuatda, televiziya və radioda tez-tez çıxışlar edərək sadə vətəndaşların üzləşdikləri problemlərlə bağlı qanunvericiliklə tənzimlənən məsələlərdən danışır, ona ünvanlanan çoxsaylı suallara və problemlərə aydınlıq gətirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində, hər bir ailə, xüsusən də qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları ilə və ölkədə fəaliyyət göstərən QHT-lərlə birgə proqramlar hazırlayıb layihələr həyata keçirir.

Bu tip layihələrin və proqramların həyata keçirilməsi zamanı hüquqi məsələlərdə, elmi mülahizələrdə daim öz kömək və məsləhətlərini əsirgəməyən professor Məhəbbət xanım Dəmirçiyeva hər zaman öz aktivliyi ilə fərqlənən alimlərdən olub. O hər zaman övladlarına, tələbələrinə və yoldaşlarına bir şeyi yüksək formada anlatmağa çalışır: Layiqli və ləyaqətli vətəndaş olmağı.

Ona görə də Məhəbbət xanımın bütün əməlləri, işləri, fəaliyyəti dövlətimizin inkişafına xidmət edən sağlam düşüncəli, sağlam ruhlu, savadlı vətəndaşların yetişdirilməsinə yönəlikdir. Bu yöndə müvafiq dövlət qurumları ilə sıx işləyən Məhəbbət xanımın bir çox təklifləri də nəzərə alınıb.

Bu təkliflər təbii ki, Məhəbbət xanımın elmi araşdırmaları sayəsində ortaya gəlib. Ona görə də daim ömrünü elmi-pedaqoji fəaliyyətə, ictimai-sosial sferanın problemlərinin hüquqi həllinə həsr edən, peşəkar hüquqşünas Məhəbbət xanım yenidən dissertasiya üzərində işləyərək, növbəti elmi ada iddialı olub. O, 2003-cü ildə yenə də Tbilisi Dövlət Universitetində "Azərbaycan Respublikasında nikah hüquq münasibətlərinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülub.

Alimlər süni ürək düzəldərkən
© Sputnik / Vladimir Astapkovich

Onun aldığı hüquq elmləri doktoru diplomu 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunub. Hüquq elmləri doktoru, professor Məhəbbət xanım Dəmirçiyeva Azərbaycan hüquq elmində öz sahəsinin ilk qadın elmlər doktorudur. O, uzun illərdir ki, qocaman ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüququ kafedrasının müdiri vəzifəsində çalışır.

"Mülki hüquq", "Ailə hüququ", "Mülki prosessual hüquq", "Müqayisəli mülki prosessual hüquq", "Ayrı-ayrı kateqoriya mülki işlərə baxılmasının prosessual xüsusiyyətləri", "Subyektiv hüquqların məhkəmədə müdafiəsi" üzrə apardığı mühazirə və seminarlar tədqiqat işləri olaraq 50-yə yaxın elmi, elmi-publisistik məqalənin, bir monoqrafiyanın, altı dərs vəsaitinin mövzusu olub. Onun yazdığı kitablar hüquq fakültəsinin tələbələri, magistr, aspirant və müəllimləri üçün böyük dəyər və qiymətə layiq görülərək tədrisdə geniş istifadə olunur.

Ömrünü, həyatını elmə, müəllimliyə həsr etmiş qeyrətli və şərəfli vətəndaş professor Məhəbbət xanım Dəmirçiyeva həm də gözəl ailə başçısı, ləyaqətli anadır. O, iki oğul anasıdır.

Ötkəm, mərd, məğrur olan Məhəbbət xanım, bu gün də yüksək əhvalla, yorulmaq bilmədən elm, təhsil yolunda çalışır. Tələbələrinə hüquq elminin dərinliklərindən məlumat verir. Cəmiyyətin təməl prinsiplərində bərqərar olan ailə institutlarının formalaşmasında bütün imkanları daxilində var qüvvəsi ilə işləyir. Həm də professor Məhəbbət Dəmirçiyeva bütün varlığı ilə yaşadığı 60 illik həyatında millətinə, dövlətinə, Qazağa, Daş Salahlıya bağlı bir şəxsiyyət kimi ömrün kamillik zirvəsinə doğru irəliləyir.

Əlaqədar

Mərdanov: “Lütfi Zadə dünyanın nadir alimlərindən idi”
Prezident görkəmli alimin vəfatı ilə əlaqədar başsağlığı verib
Görkəmli alimin vəfatından bir il də ötdü
İki türk alim dünyada heç kəsin bacarmadığını bacarıb
Rusiyalı alimlərdən unikal kəşf: yeni era başlayır
Teqlər:
Məhəbbət Dəmirçiyeva, Daş Salahlı kəndi, təsəvvüf, Qazax rayonu, alim, elm, professor

Əsas mövzular