00:07 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
358 0 0

"120 min tələbənin müqabilində "Maarifçi" tələbə kredit fondundan 118 tələbənin təhsil krediti alması olduqca aşağı nəticədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycanda tələbələrə təhsil kreditinin verilməsinin asanlaşdırılması təklif edilir. Bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, komitənin ötən günlərdə keçirilən iclasında çıxış edib.

Elcan İsayev
© Sputnik / Ilham Mustafa

F. Muradov bildirib ki, Təhsil Nazirliyi tərəfindən yaradılan "Maarifçi" tələbə kredit fondundan bu günə qədər 118 tələbə təhsil krediti götürüb: "Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq".

"Azərbaycanda Gənclər Fondu modeli də var. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Ya bununla bağlı xüsusi dövlət proqramı ola bilər, yaxud da "Maarifçi" tələbə kredit fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit verə bilsin" — deyən deputat, həmkarlarına müraciət edib ki, bununla bağlı öz təkliflərini versinlər.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır: "Onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır".

"120 minin müqabilində "Maarifçi" tələbə kredit fondundan 118 tələbənin təhsil krediti alması olduqca aşağı nəticədir. "Maarifçi" tələbə kredit fondunun özünün hər hansı bir fondu və yaxud maliyyəsi yoxdur. Bu Fond ilə əməkdaşlıq edən universitetlər özləri müəyyən sayda yerləri tələbələrə təhsil haqlarına güzəşt edir" — ekspert bildirib.

Onun fikrincə, dövlət büdcəsi vəsaiti hesabına və yaxud da hansısa bir fondun hesabına bir büdcə formalaşdırılmalıdır ki, təhsil haqqını ödəyə bilməyənlərə güzəştlər edilsin: "Məsələn, statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub".

Əsədov təklif edir ki, hər hansı bir kredit ilə tələbəni yükləməkdənsə, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın: "Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir. Biz onları əlavə yükləməkdənsə, təhsil haqlarında müəyyən qədər, 50 faizədək endirim etsək, bu, məsələnin ən yaxşı çıxış yolu olacaq. Nə özəl banklar, nə dövlət bankları, nə də digər fondlar bütün tələbələri əhatə edə biləcək sayda onlara kredit verə biləyəcək".

"Kreditin geri qaytarılması da müsbət istiqamətdə olmayacaq. Ona görə də hesab edirəm ki, problemin həlli yolu, yalnız təhsil haqlarının 50 faizədək azalması ola bilər. Onsuz da Azərbaycanda Elm, Bilik və digər fondlar var" – deyə o bildirib.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında, krediti bütün tələbələrə verməyi məqbul hesab etmədiyini bildirib: "Elə tələbə var ki, onun kreditə ehtiyacı yoxdur. Kredit həqiqi mənada ehtiyacı olana verilməlidir. Ona görə də bu, dəqiq seçilməlidir. Tədris vəsaiti almaq, kirayədə qalmaq, kompüterlə özünü təmin etmək və s. üçün kredit verilməlidir".

Ağayevin sözlərinə görə, kreditin verilməsi açıq şəkildə olmalıdır: "Yaxşı olardı ki, bu, ictimai xarakter alsın, mətbuata açıq olsun. Neçə nəfərə verildi, nə üçün verildi və s. Digər tərəfdən, sənədləşmədə çətinliklər var və vaxt itirməmək üçün onun asanlaşdırılması lazımdır. Tələbə yubanmadan kredit alıb istifadə etməlidir. İstərdim ki, kreditin verilməsi daha çox tələbəni əhatə etsin. Çünki ehtiyacı olan tələbə çoxdur".

Əlaqədar

İlin ən gənc tələbəsinin arzusu
Tələbələr Azərbaycan XİN-in qarşısında aksiya keçirdilər
Azərbaycanda tələbəni qanına qəltan etdilər
Hansı tələbələrə maaş veriləcək?
Yeddi yüz bal toplamış tələbələr mükafatlandırılıb
Nazirlik tələbələrə vaxt verdi: Gecikməyin
Teqlər:
Fuad Muradov, "Maarifçi" Tələbə Kredit Fondu, Əjdər Ağayev, təhsil krediti, Sputnik Azərbaycan, Kamran Əsədov, Təhsil Nazirliyi, tələbə, deputat, Azərbaycan

Əsas mövzular