ELM

Repetitorlar qiymətləri qaldıracaqlar

© Sputnik / Pavel Komarov / Mediabanka keçidMüəllim
Müəllim - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təklifi ekspertlər tərəfindən müsbət qarşılanır

BAKI, 14 dek — Sputnik. ""Təhsil haqqında" qanuna görə, orta məktəblər potensialından istifadə edərək müəyyən gəlir əldə edə bilər. Yəni, məktəbdə fəaliyyət göstərən müəllimlərin elmi-pedaqoji bacarıqlarından, məktəbin yerləşdiyi strateji mövqedən asılı olaraq müəyyən tədbirlərin keçirilməsindən gəlirlər əldə edə bilərlər".

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Kamran Əsədov, təhsil üzrə ekspert

Sputnik-ə açıqlamasında, təhsil eksperti Kamran Əsədov belə deyib. Bununla belə, onun sözlərinə görə, ümumilikdə Təhsil və Vergilər nazirlikləri repetitorluğa qarşı qeyri-rəsmi formada mübarizə aparır: "Yəni, bütün rəhbər təhsil orqanları hesab edirdi ki, repetitorluq təhsilə mane olur. Bu gün Azərbaycan təhsili məhv olmadığına görə, Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumları repetitorlara minnətdar olmalıdır".

"İstedadlı və yaxud da dərsinə zəif hazırlaşan uşaqlar dərsdən sonra məşğələlər ilə həmin fənni öyrənməlidirlər. Bu gün Azərbaycanda 4400-dən çox orta məktəb var. Bunun 310-u Bakı şəhərində yerləşir. Bu məktəb direktorlarının 80-90 faizi həmin dərsdənkənar məşğələləri ya özlərinin dərs saatına, ya da ona yaxın olan bu və ya digər formada müəllimlərin dərs saatına yazırlar. Həmin məşğələlər boş keçir", — ekspert bildirib.

Əsədov, hazırda Azərbaycanda 170 mindən çox müəllimin orta məktəblərdə çalışdığın, amma tanınmış, perspektivli repetitorların orta məktəblərdə dərs demədiyini qeyd edib: "Hazırda yüzlərlə repetitor orta məktəblərdən kənarda işləyir və nəticələri də yüksəkdir. Perspektivli müəllimləri orta məktəblərə cəlb etməkdən ötrü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məcbur qalıb, onlarla müqavilə bağlanmasını istəyir".

"Repetitor təhsilə mane olmur, amma şagirdlərdə, abituriyentlərdə bir çox keyfiyyətlərin məhvinə gətirib çıxardır. Yəni, ali məktəblərə qəbul test yolu ilədir. Repetitor yanında, yalnız müəyyən mövzuların əzbərlənməsi ilə tədris başa çatır. Orta məktəbin funksiyası heç də ali məktəbə uşaq hazırlamaq deyil. Biz bu yolla repetitorları məktəbə cəlb etməklə şagirdlərin oxuma, yazma, məntiqi düşünmə kimi qabiliyyətlərini itirmiş olacağıq. Onlar yalnız əzbərçilik əsasında formalaşmış tədris üzərində öz proseslərini quracaqlar. Nəticə etibarı ilə bunun hər hansı bir mənfi tərəfi yoxdur", — mütəxəssis vurğulayıb.

Orta məktəb şagirdləri dərs zamanı - Sputnik Azərbaycan
ELM
Respondentlərin 96 faizi ölkənin təhsil sistemindən narazıdır

O, bu gün repetitorların 90 faizinin vergi ödəmədiyini bildirib: "Çünki, bunun həm də mexanizmi hazırlanmayıb. Burada gəlirlərin bölüşdürülməsi məsələsində ciddi narazılıq yaranacaq. Repetitorlar məktəbə cəlb olunduqdan sonra şagirdlər məktəbdən yayınmayacaqlar. Onsuz da hazırda Bakıda və regionlarda bir çox orta məktəb binaları direktorlar tərəfindən rəsmi və yaxud da qeyri-rəsmi formada repetitor müəllimlərə, hazırlıq kurslarına müəyyən kirayə haqqı müqabilində verilib. Ümumilikdə isə orta məktəb ilə repetitorun funksiyası heç də üst-üstə düşmür. Burada yenə də müəyyən boşluqlar yaranacaq".

Ekspertə görə, yaxşı olardı ki, orta məktəbdə diaqnostik qiymətləndirmədən zəif nəticə göstərmiş müəllimlərin üzərində ciddi işlənilsin, direktorlarla iş aparılsın: "Bu, təhsilə daha çox fayda verəcək. Ümumilikdə repetitorların məktəbə cəlbini müsbət addım hesab edirəm, amma yaxşı olardı ki, təhsil üzrə mütəxəssisləri cəlb etməklə bu, həyata keçirilsin".

"Müqavilədə repetitor olaraq məktəblərə cəlb ediləcək müəllimlər heç də ştatlı müəllim olmayacaqlar. Onlarla saat hesabı və yaxud da əvəzedici müəllim kimi müqavilə bağlanacaq. Dərsdənkənar məşğələ saatlarını yalnız həmin müəllimlər tədris edəcək. Hətta bir çox repetitorlar AMEA-da və bu tipli yerlərdə çalışırlar. Onlar üçün əlavə olaraq məktəblərə getmək əhəmiyyətsizdir. Yəni, böyük bir qazanc deyil. Repetitor bu sahə ilə niyə məşğul olur? İşlədiyi sahədə aldığı əmək haqqı onun ehtiyaclarını ödəmir. Əlavə gəlir mənbəyi kimi bununla məşğul olur", — Əsədov əlavə edib.

Onun fikrincə, repetitor ona görə məktəblə müqavilə bağlamağa, əməkdaşlıq etməyə maraqlı olacaq ki, məktəb rəhbərliyi onları şagirdlərlə təmin edəcək: "Yəni, repetitorun hər hansı bir reklama, sosial çarxa ehtiyacı olmayacaq. Məktəb repetitoru şagirdlə təmin edəcək. Bu da bir tərəfdən şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu, müəyyən qədər yenə də narazılıqlar yaradacaq. Bu vasitə ilə məktəblə əməkdaşlıq edən müəllim daha çox şagird cəlb etməyə nail olacaq, nəinki ayrıca çalışan müəllim. Burada qazanan yenə də repetitor olacaq. Amma inanmıram ki, təhsildə inkişafa gətirib çıxartsın".

Təhsil eksperti Məlahət Mürşüdlü də müqavilənin bağlanmasını müsbət addım hesab edir. "Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ciddi nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Yəni, mexanizmin necə həyata keçirilməsi, bu məbləğlərin haraya xərclənməsi (məktəbin hesabınamı köçürüləcək, müəllimin əmək haqqınamı və s.) detallı şəkildə işlənib hazırlanmalıdır ki, sonra mənfi hallar olmasın", — o, Sputnik-ə açıqlamasında bildirib.

© Photo : musavat.comMəlahət Mürşüdlü, təhsil eksperti
Məlahət Mürşüdlü, təhsil eksperti  - Sputnik Azərbaycan
Məlahət Mürşüdlü, təhsil eksperti

Ekspertə görə, burada müəllimlər birbaşa vergi ödəyicisi olmaq hüquqlarına da malik olurlar: "Yəni, müqavilə varsa, vergi də ödəyəcəklər. Bu, repetitorların fəaliyyətinə keyfiyyət baxımından mənfi təsir etməyəcək. Ancaq bu halda ödənişlərin məbləği artırıla bilər. 50 manat 70 manat, 70 manat 100 manat, 100 manat 150 manat olacaq və s. Fərqli bölgələrdə fərqli qiymətlər var. Bu, qiymətlərdə artım olacaq. Müqavilələrin bağlanması müsbət addımdır".

Qeyd edək ki, Bakıda repetitorluq edən müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib.

O bildirib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verib: "Qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir".

"Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə müəllimlərlə də birgə fəaliyyət müqavilələrin imzalanması nəzərdə tutulur", — Vəliyeva qeyd edib.

Xəbər lenti
0