Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Antalyada Qarabağ müzakirələri: Lavrov Ərdoğanın Şuşa səfərinə münasibət bildirdi

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidВизит главы МИД РФ С. Лаврова в Турцию
Визит главы МИД РФ С. Лаврова в Турцию - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Rusiya və Türkiyə xarici işlər nazirlərinin danışıqlar masasında Cənubi Qafqaz, Yaxın Şərq və Cənubi Afrikada, eləcə də dünyanın bir sıra digər bölgələrindəki vəziyyət olub.

BAKI, 30 iyun - Sputnik. Türkiyənin Antalya şəhərində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa ziyarətinə münasibət bildirib.

O, Ərdoğanın Şuşa səfərini təbii qarşıladıqlarını qeyd edib:

"Prezident Ərdoğanın Şuşa səfərinə Azərbaycan-Türkiyə arasında ikili münasibətlər çərçivəsində baxmaq lazımdır. Biz Rusiya olaraq bölgədə sülhün təsis edilməsi, ermənilərin və azərbaycanlıların yan-yana yaşaya bilməsi üçün, həmçinin bütün qonşular arasında etimad mühitinin yaranması üçün dəstəyimizi verəcəyik".

Lavrov həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifinin Rusiya tərəfində müsbət reaksiya doğurduğunu deyib. 

"Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq". 

18:44

Rusiyalı həmkarım Sergey Lavrovla ikitərəfli münasibətlərimiz barəsində ətraflı fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərimizdə elə bir ciddi problem yoxdur. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Antalya şəhərində görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, Qarabağdakı vəziyyət bu gün regionla bağlı müzakirə mövzularından biri olub.

Çavuşoğlunun sözlərinə görə, rusiyalı həmkarı ilə Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.

"Məqsədimiz bütün bu ölkələrdə sabitliyin, dincliyin və sülhün daimi olmasıdır", - deyə türk nazir əlavə edib. 

Türkiyə XİN başçısı ikitərəfli ticarət dövriyyəsinin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Pandemiya ilə mübarizədə Rusiya ilə əməkdaşlıq etdiklərini bildirən M. Çavuşoğlunun sözlərinə görə, “Sputnik V” peyvəndinin birgə istehsalı ilə bağlı iki ölkənin aidiyyəti qurumları tərəfindən müzakirələr aparılır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiya Qarabağ məsələsində Türkiyə tərəfi ilə səylərini sıx şəkildə koordinasiya edir. Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirir.

Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan S.Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb:

"Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək".

17:05

Antalya şəhərində Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrovun görüşü başlayıb. 

İki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin təkbətək görüşü bağlı qapılar arxasında keçirilir. Danışıqlardan öncə Çavuşoğlu ilə Lavrov bayraqların fonunda birgə şəkil çəkdiriblər. 

Tet-a-tet görüşdən sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayacaq.

10:26

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində iyunun 30-da Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, eləcə də aktual regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yerləşdirilib.

Gözlənilir ki, nazirlər müzakirələrdə ikitərəfli və beynəlxalq məsələlərin geniş spektrinə toxunacaqlar.

Həmçinin Cənubi Qafqazda, Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda, Ukraynada, Mərkəzi Asiyada, Şərqi Aralıq dənizində, Qara dəniz bölgəsində vəziyyətə də nəzər salacaqlar.

Lavrovla Çavuşoğlunun həmçinin Suriya münaqişəsinin siyasi həll yolu və yerli sakinlərə humanitar yardımın artırılmasını, antiterror tədbirləri müzakirə edəcəkləri də gözlənilir. Bundan başqa, tərəflər Liviyadakı durum barədə də fikir mübadiləsi aparacaqlar.

İkitərəfli münasibətlər kontekstində Rusiya və Türkiyə XİN rəhbərləri ticari-iqtisadi əməkdaşlığı və onun həmçinin Türkiyənin tətbiq etdiyi ticari baryerləri ləğv etmık yolu ilə keyfiyyətli artımının təminatını nəzərdən keçirəcəklər. Tərəflər hərbi-texniki əməkdaşlıq da daxil olmaqla yüksək texnologiyalar sahəsində kooperasiyanın genişləndirilməsini müzakirə edəcəklər.

Türkiyədə olan Rusiya vətəndaşlarının təhlükəsizlik məsələsi, COVID-19-la mübarizə, Rusiyanın "Sputnik-V" vaksininin tətbiqi və onun Türkiyədə istehsalının təşkili, rus-türk mədəni-humanitar əməkdaşlıq, iki ölkənin vətəndaş institutları xətti üzrə qarşılıqlı əlaqələr də müzakirə mövzusu olacaq.

Eləcə də oxuyun:

  • Lavrov Avropa Birliyini Vaşinqtona "züy tutmaq" arzusunda günahlandırıb
  • Lavrov: "Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə səy göstəririk"

Xəbər lenti
0